Getmək vaxtıdır: amerikalılar Suriyadan niyə çıxır?


Siyasət 20 Dek 2018 15:55:46 805 0

Getmək vaxtıdır: amerikalılar Suriyadan niyə çıxır?

ABŞ Suriyadakı hərbi kontingentini tam çıxarmağa başlayır. Bu barədə müvafiq əmri Birləşmiş Ştatların prezidenti Donald Tramp imzalayıb.

O, Twitter-dəki akkauntunda video paylaşıb. Videoda Tramp deyib: "İŞİD-lə mübarizədə qüdrətli qələbələrdən sonra möhtəşəm gənclərimizi evə qaytarmaq zamanı çatıb".

Daha sonra o yazıb: "İŞİD-lə mübarizədə ABŞ tam qələbəyə nail oldu. Bu terror təşkilatı ilə mübarizə hərbi kontingentimizin Suriyada olmasının yeganə səbəbi idi".

Di gəl, az sonra Ağ Ev əməkdaşları ABŞ prezidentinin açıqlamalarındakı pafosu azaldaraq bildiriblər ki, sən demə, söhbət İŞİD-ə qarşı mübarizənin yeni mərhələsindən gedir. Məsələn, Ağ Evin mətbuat katibi Sara Sandersin sözlərinə görə, "radikal islamçı terrorçuları ərazilərdən, maliyyələşmədən, dəstəkdən və sərhədlərdən istənilən üsulla keçmək imkanlarından məhrum etmək üçün ABŞ ilə müttəfiqləri birgə işləri davam etdirəcək".

Ekspertlərin hesablamalarına görə, amerikalı hərbçilərin Suriyadan çıxarılması 60-100 gün davam edə bilər.

ABŞ-ın Suriyadakı hərbçiləri çıxarmaq qərarı ilə bağlı sualları cavablamağa çalışaq.

Niyə məhz indi?

Cavabı təki, maraqlı sualdır. İş ondadır ki, Suriyadan qoşunların çıxarılması məsələsi Donald Trampın seçkiqabağı vədlərindən biri idi. Onun müşaviləri isə əllərindən gələni edirdilər ki, Tramp belə qərar verməsin. The New York Times-ın yazdığına görə, müdafiə naziri Ceyms Mettis və digər vəzifəli şəxslər Trampı dilə tutaraq Suriyadan qoşunların qısa müddətdə çıxarılması əmrinin verilməməsini xahiş ediblər. Onların dediklərinə görə, belə qərar Suriyada Rusiya, İran və Türkiyənin mövqelərinin güclənməsinə səbəb olacaq.

Trampa təsir etmək mümkün olmayıb.

İranla Səudiyyə Trampdan nəyi və nə üçün xahiş etmişdilər?

Əslində, Tramp hələ baharda belə qərar vermək niyyətində idi. ABŞ-ın bölgədəki müttəfiqləri İsraillə Səudiyyə Ərəbistanı o vaxt ABŞ-dan təvəqqe etdilər ki, etməsin, eləməsin, amerikalılar Suriyada qalsınlar. Ki, İranın Suriya ərazisində və ümumiyyətlə, regionda mövqelərinin möhkəmlənməsinin qarşısını bundan sonra da alsınlar.

Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman Vaşinqtonda olanda bilavasitə Trampdan bunu xahiş etmişdi. Donald Tramp da demişdi ki, əgər Ər-Riyad amerikalı hərbçilərin Suriyada qalmasını istəyirsə, pul ödəsin.

Avqustda məlum oldu ki, ABŞ-ın müttəfiqləri "Suriyada vəziyyətin stabilləşməsi üçün" 300 milyon dollar ayırıblar. 100 milyon dollar Səudiyyə Ərəbistanı, 200 milyon dollar - Birləşmiş Ərəb Əmirlikləri...

Elə həmin ayda Rusiya irəli çıxdı, İran və Türkiyə ilə birlikdə Astanada "Suriya danışıqları" keçirdi.

Türkiyənin iranlılarla ruslara tərəf meyllənməsinə yol verməmək üçün Vaşinqton dərhal Ankara ilə danışıqlara başladı.

Türkiyə nə edəcək?

Donald Trampın qərarı Türkiyənin xeyrinədir. Ankara Suriyanın şimalında kürd terrorçulara qarşı yeni əməliyyat hazırlayır. PKK terror təşkilatının Suriyadakı YPG, YPJ və s. törəmələri, "Suriya Demokratik Qüvvələr Alyansı" adlı altında pərdələnmiş bu terrorçuların indiyədək yeganə hamisi, təhlükəsizliyin təminatçısı ABŞ idi.

Lakin Ankaranın maraqlarını və Türkiyənin mövqeyini Vaşinqton bundan sonra da qulaqardına vura bilməzdi.

Təsadüfi deyil ki, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ötən həftənin sonlarında "ABŞ Suriyadakı qoşunlarının çıxarılması ehtimalını nəzərdən keçirir" kimi sensasiyalı açıqlama ilə çıxış etdi.

Türkiyə mediası isə bidirir ki, Suriyadakı hərbçilərin çıxarılması ilə bağlı qərarı Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətindən sonra qəbul edib. Yəni bu qərarın Vaşinqtonla Ankara arasındakı anlaşmaların bir hissəsi olduğu vurğulanır.

Tramp manevr edir?

Sözsüz. ABŞ-ın daxilində Donald Trampın mövqeləri zəiflədiyindən və ondan narazılığın artdığından seçicilərin diqqətini kənar hədəfə yönəltmək heç də pis gediş deyil.

Amerikalı ekspertlərin fikrincə, Suriyadan qoşunların çıxarılması barədə qərar amerikalıların diqqqətini daxili siyasi problemlərdən müvəqqəti də olsa, yayındırmaq məqsədi güdür.

Vaşinqton siyasətçiləri, konqresmenlər və senatorlar arasında Trampın qərarından narazılar da az deyil.

Çünki Rusiya və Türkiyə indi Suriyadakı mövqeləri möhkəmlətməyə başlayacaqlar. Türkiyənin Suriyadakı terrorçulara təklifi konkertdir: onlar ya təklif olunmuş zonalara yollanaraq bütün ağır silahlarından əl çəkməli, ya da döyüşlərdə həlak olmalıdırlar.

Rusiyanın dəstəyini alan Dəməşq isə ölkə ərazisi üzərində faktiki olaraq tam nəzarətə nail olacaq: Türkiyə ilə həmsərhəd bölgələrdən savayı.

İstənilən halda Suriyadakı kürd terrorçuların vəziyyəti ağırlaşacaq. Onları Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr, Rusiyanın hərbi kontingenti, İranın yolladığı könüllülər və Türkiyə hərbçiləri hədəfə alıblar.

Orxan Hun Son.az


Xəbərə aid fotolar