Deputat: "Prezident İlham Əliyevin son sərəncamı bir daha göstərir ki, dövlət siyasətinin mərkəzində ölkə vətəndaşının rifahı dayanır"


Siyasət 20 Dek 2018 15:44:22 384 0

Deputat: "Prezident İlham Əliyevin son sərəncamı bir daha göstərir ki, dövlət siyasətinin mərkəzində ölkə vətəndaşının rifahı dayanır"

Prezident İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncamı bir daha göstərir ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində ölkə vətəndaşının rifahı dayanır.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, Azərbaycan Prezidentinin sərəncamı hər şeydən əvvəl dövlət başçısının vətəndaşların rifahını və layiqli həyatının təmin olunmasını daim diqqət mərkəzində saxlamasının bariz göstəricisi kimi qiymətləndirilməlidir:

"Aztəminatlı və sosial qayğıya ehtiyacı olan insanlar ən müxtəlif formalarda hər zaman dövlətin diqqətini hiss edirlər. Bu sosial kateqoriyaya aid olan vətəndaşlarımız mənzil-məişət problemlərinin həllindən tutmuş müalicələrinə qədər, müvafiq daimi müavinətlərdən tutmuş birdəfəlik yardımlara qədər həmişə dövlət tərəfindən dəstək alırlar. Son sərəncama əsasən ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulur. Yardımın ümumi miqdarı 5 milyon manat təşkil edir ki, bu da az məbləğ deyil. Əlbəttə, dövlətin aztəminatlı ailələrə qayğısı təkcə bununla bitmir. Müxtəlif proqramlar və layihələr çərçivəsində onların məşğulluğunun təmin edilməsi, güzəştli kreditlərin ayrılması ilə xırda sahibkarlara çevrilmələri, əmək bazarında fəal əmək resursu kimi qiymətləndirilmələri üçün böyük işlər həyata keçirilir. Bu proqramlar çərçivəsində təkcə 2018-ci ildə 7 min belə ailə özünüməşğulluq proqramına cəlb edilib".

H.Babaoğlu vurğulayıb ki, təkcə son iki il ərzində "Ailə Biznesinə Asan Dəstək" - "ABAD", "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" publik hüquqi şəxs kimi yeni qurumlar yaradılıb: "Həyata keçirilən geniş layihələr çərçivəsində aztəminatlı ailələrin problemlərinin həllinə dəstək verilir. Bütün bunlar bir daha Azərbaycanda dövlət siyasətinin mərkəzində ölkə vətəndaşının rifahının dayandığını göstərir".

Qeyd edək ki, Prezident İlham Əliyevin Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında 2018-ci il 19 dekabr tarixli sərəncamı ilə dekabrın 28-nə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.