Nazirlik: "Prezidentin imzaladığı son fərman aqrar islahatların mühüm tərkib hissəsidir"


Digərləri 20 Dek 2018 14:27:00 600 0

Nazirlik: "Prezidentin imzaladığı son fərman aqrar islahatların mühüm tərkib hissəsidir"

"Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsinə dair" imzalanmış fərman Prezident İlham Əliyevin həyata keçirdiyi aqrar islahatların mühüm tərkib hissəsidir.

Son.az-ın Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumatına görə, ötən 14 il ərzində "Aqrolizinq" vasitəsilə ölkədə kənd təsərrüfatı texnika və damazlıq heyvan bazasının formalaşması və təkmilləşməsi fəaliyyəti həyata keçirilib.

Bu müddət ərzində 44 minə yaxın kənd təsərrüfatı texnikası idxal olunaraq 40 faiz güzəştlə satılıb, 35 mindən artıq damazlıq heyvan idxal olunaraq 40 faiz güzəştlə lizinqə verilib, 795 min ton gübrə və 300 min litr pestisidin güzəştli satışı təşkil edilib, 55 aqroservis formalaşdırılaraq texniki servis xidməti göstərilib.

Hazırda isə istismar müddəti başa çatmaqda olan avadanlığın yenilənməsinə, innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsinə, kənd təsərrüfatına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsinə ehtiyac yaranıb.

Fərmana əsasən, bundan sonra kənd təsərrüfatı texnikası və damazlıq heyvanlara tətbiq olunan güzəştlər bütün təchizatçı şirkətlərə şamil ediləcək. Texnika və damazlıq heyvan satışı "Aqrolizinq" tərəfindən deyil, təchizatçı şirkətlər tərəfindən həyata keçiriləcək. Nəticədə kənd təsərrüfatı texnikası bazarında rəqabət güclənəcək, qiymətlərdə azalma müşahidə olunacaq.

"Aqrolizinq"in portfeli, texnika və damazlıq heyvanlara güzəştlərin tətbiqi funksiyaları Aqrar Kredit və İnkişaf Agentliyinə ötürüləcək. "Aqrolizinq" hələlik digər funksiyalarını davam etdirəcək.