SOCAR və BP Türkiyədə yeni birgə neft-kimya müəssisəsi yaratmağı planlaşdırırlar (FOTO)


Digərləri 20 Dek 2018 14:04:00 667 0

SOCAR və BP Türkiyədə yeni birgə neft-kimya müəssisəsi yaratmağı planlaşdırırlar (FOTO)

Birgə müəssisə BP və SOCAR-ın regiondakı uzunmüddətli əlaqələri əsasında yaradılacaq

Bakı. BP və “SOCAR-Türkiyə” bu gün Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıblar. SOCAR-dan Trend-ə verilən məlumata görə, Türkiyənin qərbində, Aliağa bölgəsində tikiləcək müəssisədə ildə 1,25 milyon ton təmizlənmiş tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX) və 340 min ton benzol istehsalı nəzərdə tutulur. PTA poliester istehsalında əsas xammaldır. Poliesterlərdən ərzaq və içki konteynerlərinin, qablaşdırma materiallarının, materiyaların, foto və kinoplyonkaların, digər istehlak və sənaye əhəmiyyətli məhsulların istehsalında istifadə olunur. Saziş prinsipləri imzalandıqdan sonra, BP və “SOCAR-Türkiyə” planlaşdırılan müəssisənin yanında yer alan və hər ikisi “SOCAR Türkiyə” şirkətinə məxsus olan STAR zavodunun və Petkim neft-kimya kompleksinin xammal tədarükünün inteqrasiyasına imkan verəcək müəssisənin layihəsi üzərində işləməyə başlayacaqlar. “SOCAR-Türkiyə”nin direktorlar şurasının sədri Vaqif Əliyev deyib: “Biz 2008-ci ildə Petkimi alaraq Türkiyə bazarına daxil olmuşuq və o vaxtdan etibarən STAR zavodu, TANAP, Petlim konteyner termnalı, Petkim külək enerjisi stansiyası kimi nəhəng layihələri reallaşdırmışıq. “SOCAR-Türkiyə”nin Aliağadakı bütün layihələrini əhatə edən ərazi Türkiyədə ilk Xüsusi Sənaye Zonası olmuşdur. SOCAR-ın digər müəssisələri tərəfindən təmin olunan xammal və infrastrukturun yaxında olması yeni müəssisənin rəqabət gücünə əhəmiyyətli töhfə verəcəkdir. Egey dənizi sahillərində, dünya bazarının astanasında emal və neft-kimya kompleksini genişləndirməkdə məqsədimiz iki qardaş ölkənin – Türkiyə və Azərbaycanın iqtisadiyyatlarına töhfələrimizi davam etdirməkdir.” BP qlobal aromatik karbohidrogen bölməsinin baş icraçı direktoru Luis Sierra deyib: “Layihə irəliləyərsə, bu Qərb yarımkürəsində ən böyük inteqrə olunmuş PTA, PX və aromatik karbohidrogen kompleksi və BP-nin 20 il əvvəl Çində açdığı Zhuhai müəssisəsindən sonra ilk ən böyük aromatik karbohidrogen platforması olacaq. BP-nin ən son texnologiyaları və SOCAR-ın yeni emal zavodunun kombinasiyası Türkiyənin artmaqda olan poliester qablaşdrıma və tekstil sənayesinə xidmət edəcək görkəmli bir platformanın yaranmasına şərait yaradacaqdır. Biz yüksək rəqabət qabiliyyətinə malik obyektin tikilib istifadəyə verilməsində BP və SOCAR-ın potensialından istifadə etməyi planlaşdırırıq”. BP və SOCAR 2019-cu ildə yekun investisiya qərarını qəbul etməyi və 2023-cü ildə yeni zavodu istifadəyə verməyi düşünür.