Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey yaradılacaq


Digərləri 20 Dek 2018 13:14:57 415 0

Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey yaradılacaq

Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey yaradılacaq.

Bakı. 2019-cu il mayın 29-da keçiriləcək final oyununa hazırlıq məqsədilə 22 dekabr - 7 yanvar tarixləri arasında Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey yaradılacaq. Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, ürəyi futbolla döyünənlər və Avropa Liqası tarixinin unudulmaz anlarına toxunmaq istəyənlər 17 gün ərzində fəaliyyət göstərəcək muzeydən zövq ala biləcəklər. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında qurulacaq “Avropa Liqası muzeyi” 3 hissədən ibarət olacaq. Sərgidə iştirak etmək istəyən qonaqlar girişdə yerləşdiriləcək məlumat zonasında qeydiyyatdan keçərək tədbir haqqında ətraflı informasiya əldə etmək imkanına malik olacaqlar. Muzey zonasında Avropa Liqası tarixini özündə əks etdirən eksponatlar – 2008-2018-ci illərdə keçirilmiş final oyunlarında iştirak etmiş komandaların və futbolçuların imzalı formaları, Avropa Liqasının rəsmi oyun topu, eləcə də Avropa Liqasının final oyunlarında istifadə edilmiş imzalı oyun topları sərgilənəcək. Bundan əlavə, muzeyin daxilində quraşdırılacaq xüsusi monitorlarda Avropa Liqasının unudulmaz anları, final oyunlarında vurulmuş qollar və müxtəlif maraqlı məqamlar, epizodlar nümayiş etdiriləcək. Bu isə sərgidə iştirak edən hər kəsin Köhnə Qitənin ən nüfuzlu klub turnirlərindən biri olan Avropa Liqasının keçmişinə səyahət etməsinə, həmin illərin ab-havasını yenidən yaşamasına səbəb olacaq.