Təhsil naziri: "9cu sinfi bitirənlərin peşə təhsilinə cəlb edilməsinə çalışırıq"


Digərləri 20 Dek 2018 10:42:00 730 0

Təhsil naziri: "9cu sinfi bitirənlərin peşə təhsilinə cəlb edilməsinə çalışırıq"

Azərbaycanda 9-cu sinfi bitirən şagirdlərin peşə təhsilinə cəlb edilməsinə çalışırıq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycanda insan kapitalı üzrə forumda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda işçi ehtiyatlarının əmək bacarıqları aşağıdır: "Bu, ölkə iqtisadiyyatı üçün problemlər yaradır. Məhz buna görə də ölkədə hazırda müasir texniki peşə təhsilinin qurulmasına bu qədər önəm verilir. Son bir neçə ildə peşə təhsili alanların sayı əhəmiyyətli dərəcədə artıb".

C.Bayramov bildirib ki, erkən uşaq təhsili təhsilin sonrakı pillələrində daha yüksək nəticələrin əldə edilməsinə imkan yaradır: "Biz bunu aydın olaraq beynəlxalq qiymətləndirmə tədqiqatlarında müşahidə edirik. Təhsil Nazirliyi olaraq iki təşəbbüsü həyata keçiririk. İlk növbədə, 5-6 yaşlı uşaqlar üçün məktəbəhazırlıq proqramı və icma əsaslı məktəbəqədər qrupları yaradılıb. Hər iki təşəbbüsün icrasında mövcud təhsil infrastrukturundan istifadə edilib".