Cenevrədə innovativ və yüksək texnologiyalar üzrə Azərbaycan startaplarının təqdimatı olub


Digərləri 20 Dek 2018 10:07:28 594 0

Cenevrədə innovativ və yüksək texnologiyalar üzrə Azərbaycan startaplarının təqdimatı olub

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycanda əqli mülkiyyətin inkişafı: innovativ və yüksək texnologiyalar üzrə startapların təqdimatı” mövzusunda sərgi-konfrans keçirilib.

Bakı. İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycanda əqli mülkiyyətin inkişafı: innovativ və yüksək texnologiyalar üzrə startapların təqdimatı” mövzusunda sərgi-konfrans keçirilib. Trend-in məlumatına görə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş qərargahında təşkil olunan sərgi-konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Tədbirdə Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Frensis Qarri və Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zao, Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyində fövqəladə və səlahiyyətli səfir Vaqif Sadıqov, digər rəsmi şəxslər, diplomatik nümayəndəliklərin təmsilçiləri və startapçılar iştirak edib. Açılış mərasimində çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkəmizin innovativ inkişafından danışıb. Nazir bildirib ki, Azərbaycanda innovativ inkişaf ölkənin inkişaf prioritetlərindəndir və bu məsələ hökumət tərəfindən dəstəklənir. O qeyd edib ki, həm institusional, həm də iqtisadi islahatlar çərçivəsində ölkədə innovasiya ekosisteminin qurulması, startapların inkişafı üçün ciddi addımlar atılır. R.Quluzadə, həmçinin vurğulayıb ki, bu fəaliyyətə özəl sektor da müxtəlif innovasiya mərkəzləri, laboratoriyalar yaratmaqla dövlət təşəbbüslərinə dəstək verir. Artıq Azərbaycan startapları beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Frensis Qarri Azərbaycanda əqli mülkiyyət sahəsində əldə edilən uğurlardan danışaraq bildirib ki, bu sahədə qanunvericilik bazasının inkişafı ölkənin sosial-iqtisadi həyatı üçün mühüm rol oynayır: “Bu tədbir intellektual mülkiyyətin qorunmasına və innovasiyaların inkişafına həsr edilib. Bu il Azərbaycanda səfərdə olmuşam, orada innovativ mühit və gənclərin innovasiya sahəsində fəallığını müşahidə etdim. Bunların hamısı ölkə rəhbərliyi tərəfindən dəstəklənir. Bu tədbir innovasiya mühitinin necə fəaliyyət göstərdiyini nümayiş etdirir”.