Özünü tanıyan Allahını tanıyar


Digərləri 20 Dek 2018 07:31:00 607 0

Özünü tanıyan Allahını tanıyar

Əziz müsəlmanlar! Bugünkü xütbəmizin mövzusu - insanın özünü dərk etməsi prosesidir. Çünki özünü dərk edən insan Allahı tanımış olar. Bütün varlıq aləmi buna şahiddir ki, insan - yaradılış etibarilə kainatda ən kamil məxluqdur. İstər vücud, istərsə də şüur baxımından başqa varlıqlardan üstün, gözəl və mükəmməldir. Bioloji cəhətdən insan görən gözə, eşidən qulağa, güclü ələ, yorulmaz ayağa, danışan dilə, daim hərəkətdə olan ürəyə sahibdir. Onun bədənini təşkil edən hüceyrələr arasıkəsilmədən fəaliyyətdədir. Bütün bu üzvlər kənar vasitələrin təsiri olmadan öz funksiyasını yerinə yetirir və gecə-gündüz işləyir.

Son.az islam.az-a istinadən bildirir ki, mənəvi və ruhi baxımdan da insan çox qəribə qurulmuşdur. Onun ruhu Allahın sirrlərindəndir. Bu ruh insanın torpaqdan yaradılmış cismini uca göylərə qaldırır.

Şüurlu kamil insan elm hərisi, mərifət təşnəsidir. Ucalığa tələsir, eşq ilə kamala can atır, həmişə düşünür, axtarışdan yorulmur, ixtiradan qalmır. Sanki o, yalnız elm öyrənmək və öyrəndiklərini təcrübəyə tətbiq etmək üçün yaradılıb. İnsan hər şeyi bilməyə çalışır. Bir şeyi dərk etdimi, ona bağlı olan bilikləri də öyrənmək eşqinə düşür. Heç vaxt öz beyninin imkanlarından razı deyil. Bildiyi hər şeyi daha dərindən öyrənmək istəyir, onu bütün varlığı ilə, yorulmaz beyni və çırpınan ürəyi ilə duymağa çalışır. Onun ruhunun və ağlının hüdudları - sonsuz mərifət ümmanının dərinliyi və qeyri-məhdud bilik dağlarının ucalığı qədərdir.

İnsan ziddiyyətlərin məcmusudur. Qəzəblənəndə qızmış aslandır, kövrələndə günahsız körpə. Əgər sevsə - mehriban anadır, nifrət etsə - düşməninin başını diri-diri kəsən cəllad. İsmətli olsa - mələklərdən də yüksəyə qalxar, alçaqlıq etsə - küçə köpəklərindən də rəzil olar.

O həm qurub-yaradır, həm də viran edib dağıdır. Həm düz danışır, həm də yalan. Həm gülür, həm ağlayır. Həm rəhm edir, həm də zülm. Həm iman gətirir, həm də kafir olur.

İnsan öz başında yer üzünün padşahlıq tacını gəzdirir. İlk öncə dağlarda mağara oydu, sonra evlər tikdi. Daha sonra qəsrlər, göydələnlər ucaltdı. Yerlə kifayətlənmədi, göylərə yol axtardı. Aya qədəm basdı, indi də başqa planetlərin sorağındadır.

Bəs, bütün bunlara malik olan İnsan görəsən ÖZÜNÜ tanıdımı?

Bəşəriyyətin hazırki vəziyyəti bu suala "yox" cavabı verməyə əsas verir. Bütün tərəqqilərə baxmayaraq, müasir elm İnsanı tanımaqdan acizdir. Adəm zamanından indiyədək baş vermiş və qiyamətə qədər baş verəcək cinayətlərin əsas səbəbi də elə İnsanın özünü tanınmamasıdır.