Hər növü xeyir olan həya


Digərləri 20 Dek 2018 07:11:00 645 0

Hər növü xeyir olan həya

Həya - utanmaq və ayıb olan bir şeyin nəticəsində insanda meydana çıxan xəcalət hissi mənalarına gəlməkdədir. Həya iki növdür ki, birincisi Allahın hər kəsə doğuşundan vermiş olduğu fitri həya hissidir. Buraya xüsusən hər kəsin cəmiyyət içərisində açıq-aşkar etməkdən utanaraq etmədiyi hərəkətlər daxildir. İkincisi isə tərbiyə, təhsil, böyüdüyü mühitin və imanının ona verdiyi mənəvi və tərbiyəvi dəyərlərdir ki, bunu insanlar yaşadığı zaman ərzində qazanmaqdadırlar. Bir sözlə desək, həya, pis və çirkin olanlardan uzaq olmaq, hal və hərəkətlərində diqqətli, danışıq tərzində və sözlərində ağıllı olmağa çalışmaqdır.

İbni Məsud belə rəvayət edir:

"Bir gün Həzrəti Peyğəmbər (s.ə.s.) "Allahdan haqqı ilə həya edin" buyurdu. Bunun qarşılığında biz onsuz da Allahdan həya etdiyimizi dedik. Rəsulullah (s.ə.s.) belə buyurdu: "Allahdan haqqı ilə həya etmək, başı və bədənin digər üzvlərini mühafizə etməyiniz, ölümü və torpaqda çürüməyi xatırlamağınız, axirət həyatını bu dünyaya dəyişdirməyinizdir. Bu dediklərimi həyata keçirənlər Allahdan haqqı ilə həya edənlərdir". Həyanın ən yüksək mərtəbəsi həm zahirən, həm də batinən Allahdan həya etməkdir.

Peyğəmbər Əfəndimiz (s.ə.s.) həyanın imandan olduğunu bildirərək birinin zəyiflədiyi anda o birinin də yox olacağını xəbər verir. Həyasızlaşan və bu halın cəmiyyətdə yayılmasını istəyən insanlar haqqında Allah-Təala Quranda belə buyurur: "Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. Allah bilir, siz bilməzsiniz" (Nur, 19).

Son.az islam.az-a istinadən bildirir ki, Peyğəmbər Əfəndimiz (s.ə.s.) də həyanın yox olmasını və onun yerinə həyasızlığın keçməsini insan və cəmiyyət üçün bir həlak və yox olma səbəbi kimi göstərməkdədir: "Şüphəsiz ki, Allah bir insanı həlak etmək istədiyi zaman onu həyadan məhrum edər. Həya itəndə, o insan qəzəbə düçar olar. Qəzəbə gələn insanın etibarı yox olar ki, bununla da o xain olar. Xain olan insanda rəhmət sifəti olmaz. Belə olan təqdirdə o insan cəmiyyətdə hər kəsin qınağına və lənətinə düçar olar".

Peyğəmbər Əfəndimizin (s.ə.s.) həyatına baxdığımız zaman saysız hesabda həya örnəklərini görə bilərik. Əmisi Abbasın dediyinə görə, Kəbə yenidən inşa edildiyi zaman Muhəmməd (s.ə.s) də onlarla birlikdə daş daşıyırmış. Daşların onun çiynini əzməməsi üçün əmisi ona paltarının ətəyini çiyninə qaldırmaq istəyir. Əmisi Abbas bunu edəndə Rəsulullah (s.ə.s.) bədəninin görünəcəyindən həya edərək dərhal aşağı əyilir və "paltarımı üstümə ört" deyir. O dönəmdə Məkkədə paltarsız və ya bədəninin böyük bir hissəsi açıq halda gəzmək adi bir şey olmasına baxmayaraq, Muhəmməd (s.ə.s.) həya sərhədlərini aşmamış və bundan özünü gözləmişdir.