Bakıda istehsal olunub, "Moskva malı" kimi təqdim edilir


Digərləri 19 Dek 2018 23:22:00 549 0

Bakıda istehsal olunub, "Moskva malı" kimi təqdim edilir

Ekspert deyir ki, belə imitasiya Azərbaycan brendinin inkişafına zərər vurur 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Sosial şəbəkələrdə məhsulların adının rus dilində olması ilə bağlı bir məlumatla rastlaşdım. Diqqət etdikdə gördüm ki, məhsul Azərbaycanda istehsal olunmasına baxmayaraq, adı rus dilində yazılıb. Sonradan bu məsələyə marketlərdə də diqqət etməyə başladım. Təsadüfən fikir verdim ki, alıcı qadın üstündə rus dilində "Moskva" yazılan peçenyeni görən kimi ona yönəldi. Digər yerli adda olan məhsulların isə demək olar ki, heç üzünə də baxmadı. Bu sadəcə bir nümunədir. Təəssüf ki, cəmiyyətimizdə belə nümunələr çoxdur. Sovet dövründən qalma ideologiya 2018-ci ildə də aktuallığını qoruyub saxlayır. İnsanlar Rusiyada istehsal olunan məhsulların birmənalı olaraq keyfiyyətli, Azərbaycanda istehsal olunan məhsulların isə keyfiyyətsiz olduğu qənaətindədirlər. Məsələ burasındadır ki, bizim daha keyfiyyətli bilib, adına aldanaraq aldığımız məhsul, əslində heç də Rusiyada istehsal edilmir. Bu malların əksəriyyəti ölkəmizdə istehsal edilir və insanların diqqətini cəlb etmək və onları aldatmaq üçün adı rus dilində yazılır. Bəs görəsən bu nə dərəcədə düzgündür? İstehlakçıların aldadılması ilə nəticələnən marketinq gedişini uğurlu saymaq olar?   Marketinq üzrə mütəxəssis Seymur Quliyev deyir ki, şirkətlər bu addımla alıcılara psixoloji təsir göstərməyə çalışır: "Bu, şirkətlərin qəsdən və bilərəkdən atdığı bir addımdır. Marketinq dili ilə desək, şirkətlər müştərini cəlb etmək üçün müvafiq gedişlər edir.  Çünki şirkətlər özü də  bilir ki, yerli adda istehsal olunan məhsul müştərilərin diqqətini cəlb etmir. Məsələn, ölkədə istehsal edilən və satışa buraxılan hər hansı peçenyenin adını "Zaqatala" qoysan, onunla heç bir müştəri maraqlanmayacaq. Amma eyni məhsula rus və ya digər xarici bir dildə ad verilsə, həmin məhsul müştərilər tərəfindən alınacaq. Çünki Azərbaycan istehlakçılarının yerli məhsula inamı və etibarı yoxdur.  Bu mənada, müştərini də qınamaq olmaz. Çünki bizdə istehsal olunan bəzi məhsulların keyfiyyət standartları tələb olunan səviyyədə deyil. Məhsullara xarici adlar qoymaqla, bir növ istehlakçılara psixoloji təsir göstərməyə çalışırlar. Çünki müştəri bilir ki, Rusiyada istehsal olunan peçenye Azərbaycandakından qat-qat keyfiyyətli olur. Ona görə də, xarici adda olan məhsullara müştərilərimiz daha çox önəm verir. Nəticədə şirkətlər öz məhsullarının adını yerli yox, rus dilində olmasına üstünlük verir".