Ebola virus xəstəliyinin inkubasiya dövrü 2 gündən 21 günədək davam edə bilər


Digərləri 19 Dek 2018 23:13:00 690 0

Ebola virus xəstəliyinin inkubasiya dövrü 2 gündən 21 günədək davam edə bilər

Ebola eyniadlı virus tərəfindən törədilən və hemoragik qızdırma kimi tanınan ağır gedişli xəstəlikdir. İnfeksiya ilk dəfə 1976-cı ildə eyni vaxtda iki ocaqda-Sudanın Nzar və Konqo Demokratik Respublikasının Yambuk əyalətinin Ebola çayı ətrafında yaşayan əhali arasında baş qaldırıb. Xəstəliyin adı da çayın adından götürülüb.

Son.az bildirir ki, həkim-infeksionist Aynur Məmmədovanın AZƏRTAC-a verdiyi məlumata görə, virusa yoluxma qorilla, şimpanze növündən olan meymunları və meşə antilopu kimi vəhşi heyvanları yarasa dişləməsi nəticəsində baş verir: "Xəstəliyə yoluxmuş heyvanın qanı, ifrazatı, orqanlardan xaric olan maye ilə sıx kontakt insanda yoluxmaya səbəb olur. Xəstənin qanı və ya orqanizmindən xaric olan hər hansı maye adətən zədələnmiş dəri və selikli qişalardan keçərək yayılır. Xəstə və şübhəlilərlə yaxın təmas da virusa yoluxma halları ilə nəticələnir. Xəstəlikdən ölüm hallarının göstəricisi bəzən 90 faizə çatır.

Ebola virusunun törətdiyi problem adətən kəskin qızdırma, halsızlıq, güclü əzələ, baş və boğaz ağrıları ilə başlayır. Sonra qusma, ishal, səpgi kimi əlamətlər də qoşulur, qaraciyər və böyrəyin funksiyaları pozulur. Bəzi xəstələrdə qaşınma, gözlərdə qızarma, hıçqırıq, öskürək, boğaz və sinədə ağrı, nəfəsalma və udqunma çətinliyi, nadir hallarda daxili və xarici qanaxmalar müşahidə olunur. Qanın laborator müayinəsində ağ qan hüceyrələrinin və trombositlərin miqdarında azalma, qaraciyər fermentlərinin səviyyəsində isə artım müəyyən edilir. Xəstəlik əlamətləri səngiyən, lakin qan və ifrazatlarında virus aşkarlanan xəstələr yoluxucu hesab olunur. Viruslar prostat vəzdən ifraz olunan toxum şirəsinin tərkibində kliniki sağalma müşahidə olunduqdan 7 həftə sonraya qədər yaşayır və həmin dövrdə yoluxma ehtimalı yüksək olur. Virusun yoluxma anından xəstəlik simptomları müşahidə olunana qədər keçən inkubasiya dövrü 2 gündən 21 günə qədər davam edə bilər".