"Newsblaze.com" saytı: "Yəhudi uşaqlarını xilas etmiş azərbaycanlı kəşfiyyatçı "Dünyanın mömin adamı" fəxri adına layiqdir”


Digərləri 19 Dek 2018 23:07:00 661 0

"Newsblaze.com" saytı: "Yəhudi uşaqlarını xilas etmiş azərbaycanlı kəşfiyyatçı "Dünyanın mömin adamı" fəxri adına layiqdir”

1941-ci ildə Kremlin "məxfi qrupu" Hitlerin əsas əlaltılarından biri olan Karl fon Rodenburqu öldürməyib onun diri tutulmasını qərara aldı. Bu iş "Həmzə baba"nın - şərti adı "Sadıqaşvili" olan azərbaycanlı, sovet kəşfiyyat zabiti Həmzə Cümşüd oğlu Sadıqovun qrupuna tapşırıldı.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bir neçə gün bundan əvvəl Amerikanın populyar "newsblaze.com" informasiya-analitik saytında dərc olunmuş məqalə bu barədədir.

Məqalənin müəllifi, amerikalı jurnalist xanım Nurit Qringer qeyd edir ki, nasist Almaniyası vermaxtının generalı Karl Rodenburq Stalinqrad döyüşü dövründə 76-cı piyada diviziyasının komandiri olub.

Amerikalı jurnalist yazır: "Sovet DTK-sının 70 il ərzində məxfi saxladığı sənədlərə əsasən sonradan SSRİ Baş Kəşfiyyat İdarəsinin dördüncü bölməsi adlanan 44388 nömrəli baş idarənin əsas vəzifələrindən biri Hitlerin generalları barədə material toplamaqdan ibarət idi. Həmin generallardan səkkizi hərbçilər nəslindən olub Birinci Dünya müharibəsində iştirak etmiş və Hitlerin ən yaxın məsləkdaşlarına çevrilmişdi. Xüsusi qəddarlığı ilə ad çıxarmış, lakin atəş səsinə dözə bilmədiyinə görə "sakit general" ləqəbi qazanmış general fon Rodenburq da qeyd edilən səkkiz generaldan biri idi. Rodenburq özünün imzaladığı əmrlərin birində yazmışdı: "... Yəhudilərə münasibətdə qəddar və amansız olmaq lazımdır".

1940-cı ildən etibarən fon Rodenburqun tabeliyində olan "Odessa" adlı xüsusi nasist bölməsi bioloji silah yaradılması ilə məşğul idi. Bu qrup xüsusi əhəmiyyət kəsb edirdi, çünki onun üzvləri siyahısına Hitlerin sevimli dəstəsinin komandiri, SS təxribatçısı, ştandartenfürer Otto Skortseni və Osvensim-Birkenau cəza düşərgəsində məhbuslar üzərində kriminal eksperimentlər aparan "doktor" Yozef Mengele daxil idi.

Deyilənə görə, özünü fürerin məğlubedilməz əsgəri hesab edən fon Rodenburq tez-tez xatırladırmış ki, onu əsir götürən adamı güllələməyə müvəffəq olub və həmin adam rus deyil, hansısa başqa millətin nümayəndəsi imiş".

Qringerin fikrincə, alman qoşunları Stalinqradda təslim olmaq ərəfəsində ikən Hitler Rodenburqa bütün su quyularını və su anbarlarını zəhərləmək və məhv etmək barədə əmr verib. Nurit Qringer yazır: "Sovet kəşfiyyatı fon Rodenburqu asanlıqla aradan götürə bilərdi. Buna baxmayaraq, Hitlerin "bioloji silahının atası" hesab edilən Rodenburq Abver tərəfindən cəlb edildiyinə və 1939-cu ildən sovetlər üçün xüsusi əhəmiyyət kəsb edən informasiya daşıyıcısı olduğuna görə sovet kəşfiyyatı bu generalı diri tutmağı qərara almışdı. Bu isə çox təhlükəli məsələ idi.

Nürnberq məhkəmə araşdırmasının məlumatına görə, Rodenburqun diri tutulması nəticəsində minlərlə sovet adamının həyatı xilas edilib. Belə bir ehtimal var ki, fon Rodenburqun tutulması 35 dəqiqə geciksəydi, o, Stalinqradda zəhərləyici maddələrdən istifadə edə bilərdi. Əməliyyat şahidlərinin ifadələrinə görə, alman generalı fon Rodenburq hər şeydən, hətta özünün alman əsgər və zabitlərindən də qorxurdu. Rodenburqun qərargahına hücum zamanı Sadıqaşvilinin qrupu xeyli döyüşçü itirdi. Həmzə Sadıqov şəxsən avtomatını alman generalının gicgahına tuşlayaraq onu diz çökməyə məcbur etdi. Lakin Rodenburq qəflətən sıçrayaraq tapançadan bir neçə dəfə atəş açıb Sadıqovu yaraladı. Nürnberq prosesinin materiallarında göstərilirdi ki, fon Rodenburq bioloji silah yaradılması sahəsində özünün ölümsaçan "ixtiralarını" hamilə yəhudi qadınlar, yəhudi uşaqlar və məhbuslar üzərində sınaqdan keçirirmiş".

SMERŞ qrupunun məlumatına görə, alman generalı Rodenburqun əmrinə əsasən, xüsusi otaq yaradılmışdı. Orada çoxsaylı yəhudi uşaqlar güclü mühafizə altında saxlanılır və fon Rodenburq öz qəddar əmrlərini çox vaxt şəxsən özü yerinə yetirirdi.

Məqalədə deyilir: "Almanlar bu uşaqları alçaldır, təhqir edir və güllələyirdi. Sovet kəşfiyyatı qarşısında Rodenburqun bütün qərargahını həmin yəhudi uşaqlarının saxlandığı zirzəmi ilə bərabər partlatmaq vəzifəsi qoyulmuşdu. Kəşfiyyat qrupunun rəhbəri Sadıqaşvili (Həmzə Cümşüd oğlu Sadıqov) yüzdən çox yəhudi uşağını zirzəmidən azad edib, sonra ikinci mərtəbəyə qalxıb və zirzəmidə gördüklərinin təsiri altında xüsusi peşəkarlıqla general fon Rodenburqa hücum edib və alman generalını şəxsən əsir götürüb".