“Makedoniyalı İsgəndər və Atropat” kitabının təqdimatı olub (FOTO)


Digərləri 19 Dek 2018 22:38:34 581 0

“Makedoniyalı İsgəndər və Atropat” kitabının təqdimatı olub (FOTO)

Dekabrın 19-da Bakı Kitab Mərkəzində Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənovun Azərbaycan və rus dillərində “Makedoniyalı İsgəndər və Atropat” kitablarının təqdimatı keçirilib

Bakı. Dekabrın 19-da Bakı Kitab Mərkəzində Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənovun Azərbaycan və rus dillərində “Makedoniyalı İsgəndər və Atropat” kitablarının təqdimatı keçirilib. Trend-in məlumatına görə, Mərkəzin “Tarixlə üz-üzə” layihəsi çərçivəsində reallaşan təqdimat mərasimində çıxış edən Həsən Həsənov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən belə bir mədəniyyət və ədəbiyyat ocağının - Bakı Kitab Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib. Diplomat bu Mərkəzin gələcək nəslin maariflənməsində, mütaliə məsələlərində mühüm rol oynayacağını qeyd edib. Kitab barədə məlumat verən Həsən Həsənov qeyd edib ki, nəşrdə iki mövzudan - Azərbaycan adlı müstəqil dövlətin yaranması, süqutu və Azərbaycan adlı dövlətin müstəqilliyinin bərpasından bəhs olunur. Azərbaycan dövlətinin ilk dəfə eramızdan əvvəl VII əsrdə yaradılmasının kitabda tarixi faktlarla sübut olunduğunu qeyd edən müəllif deyib: “Azərbaycan dövləti yaranana qədər tarixdə nə Fars dövləti, nə də Ermənistan adlı bir dövlət olmayıb. Mən iki mötəbər mənbəyə - Suriyada “Karxi de Bet Selox” və IV əsr Roma tarixçisi Ammian Martsellinə istinad etmişəm. Birinci mənbədə Arbat tərəfindən Adorbayqan adlı dövlətin yaradılması, ikinci mənbədə isə Atropatena adlı dövlətin məhz Assuriya imperiyasının süquta uğraması nəticəsində yaradılması göstərilir. Sovet İttifaqı dövründə tarixçi Ammian Martsellinin əsərinin tərcüməsi zamanı məhz bu fikirlər ixtisara salınmışdı. Sovet dövründə tarixçilərə bu iki mənbəyə istinad etmək qadağan olunmuşdu. Hamı Strabonun dediklərinə istinad edirdi. Strabon isə Atropatenanın yarandığını deyil, yenidən bərpa edildiyini yazırdı”.