“Babək”də təmir bitdi, bəs problemlər tam həll olundu?


Digərləri 19 Dek 2018 19:19:00 642 0

“Babək”də təmir bitdi, bəs problemlər tam həll olundu?

Bakının ən böyük prospektlərindən biri olan Babək prospekti uzun illərdən sonra nəhayət, bu il təmir edildi. Əvvəlcə 3, sonra 6 ay müddətinə desələr də, işlər bir neçə gün əvvəl başa çatıb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, prospektdə çox ciddi problemlər qalmaqdadır.

Məsələn, bir neçə gün əvvəl müzakirələrə səbəb olan geriyədönmə yerlərində insanların üzləşdiyi problem hələ də tam həll edilməyib. Əvvəlcə geriyədönmə yerlərinə plastik dirəklər basdıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "mütəxəssisləri" sürücülərə ciddi problem yaratdı. Xüsusən də, yük maşınları və avtobuslar Babək prospektində geriyə dönərkən bir neçə dəfə irəli-geri hərəkət etməli və ya plastik dirəkləri basıb əzməli idi. Mətbuat yazandan sonra Agentlik əməkdaşları plasktik dirəkləri söksə də, indi də düz xətt çəkiblər. Bu isə orada geriyədönmə manevri edən sürücülərin cərimələnməsinə gətirib çıxarır. Belə ki, xətti məcburən tapdalayan sürücülər cərimə edilirlər.

Digər ciddi problem isə Babək prospektində piyada keçidlərinin olmamasıdır. Əvvəllər bir neçə yerdə nizamlanmayan keçid - zebra var idi, bəzi nöqtələrdə isə svetoforla nizamlanan keçidlər qoyulmuşdu. Lakin Agentliyin "mütəxəssisləri" o boyda prospekti təmir edəndən və işlərin başa çatdığını rəsmən elan edəndən sonra məlum olur ki, piyadalar üçün keçid qoyulmayıb.