Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert


Kriminal 19 Dek 2018 17:50:00 681 0

Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert

Dekabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi və "Vaqif" fondunun təşkilatçılığı ilə bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçirildi.

Son.az xəbər verir ki, Vaqif Mustafazadə Azərbaycan tarixində ən məşhur və uğurlu caz ifaçısı, cazda yeni istiqamət yaradan azərbaycan caz-muğamının banisidir. O, həm də müxtəlif ansamblların yaradıcısı olaraq Gürcüstanda Dövlət Filarmoniyasının nəzdində  "Qafqaz" caz üçlüyünü, Bakıda isə "Leyli" (1970), "Sevil" (1971), "Muğam" (1977) vokal-instrumental ansambllarını yaratmışdır.

Zəngin şərq koloritli orijinal kompozisiyaları və muğamla cazın qarışıgı olan gözəl improvizasiyaları ilə tanınan Vaqif Mustafazadə hələ sağ ikən canlı əfsanəyə  çevrilmişdi. Onun yaradıcılığı həm Vətənimizdə, həm də xaricdə yüksək qiymətləndirilir.

Qeyd edək ki, bu konsertin biletləri konsertin təsdiq edildiyindən bir neçə gün sonra artıq satılmışdı. Sözsüz ki, bu, musiqisevərlərin Vaqif yaradıcılığına  sevgilərinin göstəricisidir. 

İlk dəfə idi ki, konsert yalnız Vaqif Mustafazadənin əsərlərindən ibarət idi. Lakin kiçik bir istisna oldu, gecənin əvvəlində xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestrinin müşayiəti ilə  BMA-nın müəllimi Gülsüm Eldarovanın ifasında özü bəstələdiyi "Vaqifə ithaf" kompozisiyası səsləndi.

Gecədə tanınmış caz ifaçıları çıxış etdilər. BMA kamera orkestrinin müşayiəti ilə Vaqif Mustafazadə caz məktəbinin müvəffəq davamçısı olan Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələrin laureatı, virtuoz pianoçu Emil Afrasiyab Vaqifin "Orkestr ilə fortepiano üçün konsert"ini  ifa etdi. Cazsevərlərin sevimlisi Cavan Zeynallı çıxış edərək məşhur caz improvizasiyalarını ifa etdi.


Xəbərə aid fotolar