Azərbaycanda alimlərin ekspert qismində çıxış etməsi vacib hesab olunur


Digərləri 19 Dek 2018 14:45:00 427 0

Azərbaycanda alimlərin ekspert qismində çıxış etməsi vacib hesab olunur

Bu gün AMEA Rəyasət Heyəti Aparatının Mətbuat və informasiya idarəsinin təşkilatçılığı və AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə "Elmin populyarlaşdırılmasında KİV-i rolu" mövzusunda dəyirmi masa keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, AMEA Rəyasət Heyəti Aparatı Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev elmin vəziyyəti haqqında etibarlı, obyektiv informasiyanın cəmiyyətə çatdırılmasında, elm və elmi biliklərin populyarlaşdırılmasında jurnalistlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildiririb.

İdarə rəisi jurnalistlərin bir və ya bir neçə elm sahəsi üzrə ixtisaslaşması sahəsində mövcud problemlərin həllinin və elmi-populyar üslubun tələblərinə cavan verən məqalələrin hazırlanmasının önəmliliyini bildirərək bu gün KİV-də işıqlandırılan elmi informasiyaların keyfiyyət və kəmiyyət göstəricilərinin istənilən səviyyədə olmadığını vurğulayıb.

AMEA-nın Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva ölkənin 20-dən artıq aparıcı qəzet və xəbər saytında aparılan monitorinqlərin nəticələrini açıqlayıb.

O, qəzet və informasiya resurslarında işıqlandırılan müxtəlif səpkili elmi materiallarda tədqiqatların mahiyyəti ilə bağlı fikirlərin elmi üslubda kənara çıxmadığını qeyd edərək, elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanması sahəsində mövcud problemlərdən bəhs edib.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu alimlərin ekspert kimi mətbuatda çıxış etməsini vacib sayıb: "Biz nə elm xadimindən jurnalist, nə də jurnalistdən elm xadimi düzəldə bilmərik. Bəzi hallarda bizim üçün ümummilli əhəmiyyət kəsb edən məsələlər bağlı alimlərdən cavab almağa çətinlik çəkirik. Bu baxımdan jurnalistlə alim arasında sıx əlaqə yaratmaq çox çətin olur. Biz bunun üçün səylərimizi birləşdirməli, informasiya boşluğunu doldurmalıyıq".