Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər


Digərləri 19 Dek 2018 02:30:00 786 0

Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər

Teatrlar Yeni il üçün rəngarəng bayram tamaşaları hazırlayıblar 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Yeni ilə iki həftədən də bir qədər az vaxt qalıb. Bayram, demək olar ki, qapımızın kandarındadır. Artıq Bakının küçələrində bayram ab-havası yaşanır. Bayramın gəlişinə isə daha çox uşaqlar sevinir. Şam ağacı, Şaxta baba, Qar qız, tətil günləri və bir də yeni il tamaşaları, əyləncəli bayram tətili onları gözləyir. Bəzən uşaqlarla bərabər, valideynlər, gənclər də bu bayrama xüsusi hazırlaşırlar. Bayram ab-havası duyulan kimi,  valideynləri bir sual maraqlandırır: Bayram günlərində uşaqları hara aparaq? Artıq ənənə halını almış bu yazının da missiyası bəllidir: Valideynləri bayram proqramı ilə məlumatlandırmaq. Teatrlardan, mədəniyyət ocaqlarından yeni ildə uşaqların görüşünə necə hazırlaşdıqlarını və onlara nələr təqdim edəcəklərini soruşduq.    Heydər Əliyev Sarayında sehrli nağıl dünyasına səyahət olacaq   İlk olaraq Heydər Əliyev Sarayının sözçüsü Anar Fərəczadə ilə danışdıq. Müsahibimiz bildirdi ki, yanvarın 2 və 3-də Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənlikləri keçiriləcək: "Burada uşaqlara nağıl qəhrəmanları dovşan, qarğa, canavar, pirat, ifrit və küpəgirən qarının iştirakı ilə böyük şam ağacının ətrafında musiqili, əyləncəli və interaktiv nağıl-tamaşa təqdim olunacaq. "Şaxta baba və Küpəgirən qarı" adlanan tamaşa zamanı Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız uşaqlarla görüşəcək və onları mahnılar, rəqslər, oyunlar, yeni il zarafatları ilə sevindirəcəklər. Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin milli və xarici musiqilərə hazırlanmış rəqslər və sürprizlər nağıl-tamaşaya xüsusi rəng qatacaq. Əyləncəli, musiqili, interaktiv və maraqlı süjet xətti ilə fərqlənən nağıl-tamaşa uşaqları sevindirəcək və gözəl əhval bəxş edəcək. Uşaqlar sehrli və heyrətamiz nağıl dünyasına səyahət edəcəklər".

Saat 12:00 və 15:00-da başlayacaq nağıl-tamaşa üçün biletlərin qiyməti 6-25 manat təşkil edir.

Ana teatrda uşaq bayramı

Akademik Milli Dram Teatrının kollektivi ənənəvi olaraq bu il də Yeni il şənlikləri və bayram tamaşası ilə azyaşlıları sevindirəcək. Teatrdan aldığımız məlumata görə, bayram tamaşaları dekabrın 27-dən yanvarın 6-na qədər davam edəcək. Proqrama əsasən, tamaşa gündə 4 seans - saat 11:00, 13:00, 15:00 və 17:00-da uşaqlara təqdim olunacaq.  Uşaqlara nümayiş olunacaq "Nindza tısbağalar və kapitan Cekin macəraları" tamaşasının məşqləri yekunlaşmaq üzrədir. Tamaşanın quruluşçu rejissoru Anar Sadıqovdur.  Səhnə əsərinin rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır. 

Teatrın mətbuat katibi Cavid Zeynallı qeyd etdi ki, Akademik Mili Dram Teatrının azyaşlı tamaşaçıları bayram şənliyində iştirak edib tamaşaya baxandan sonra onlara hədiyyələr də təqdim olunacaq: "İnanırıq ki, teatrımızın kollektivinin böyük sevgi ilə hazırladığı şənlik uşaqların, eləcə də valideynlərin yaddaşından uzun müddət silinməyəcək və onlar növbəti bayramlarını da məhz bizimlə birlikdə qeyd edəcəklər".

Musiqili Teatrda "Cırtdanın sərgüzəştləri" olacaq

Azərbaycan Dövlət Musiqili Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova bildirdi ki, repertuarda hər zaman uşaq tamaşalarına xüsusi yer verən Musiqili Teatr bayram günlərində balaca teatr həvəskarlarının görüşünə Azərbaycan xalq nağılı "Cırtdan"ın motivləri əsasında hazırlanmış "Cırtdanın sərgüzəştləri" musiqili nağıl tamaşası ilə gələcək: "Rəngarəng dekorasiyaları, işıq effektləri, şən musiqiləri və oyunları ilə zövq oxşayan bayram əhval-ruhiyyəli tamaşada, hadisələrin süjet xətti uşaqlıqdan hamımızın adət etdiyimiz "Cırtdan"dan fərqli məcrada cərəyan edir. Burada da Cırtdan öz dostlarını ətrafına toplayıb meşəyə odun yığmağa gedir. Tamaşanın quruluşçu rejissoru Ayla Osmanovadır.  Səhnə əsərində Əməkdar artist Novruz Əliyev, Məhərrəm Qurbanov, aktyorlar Gülnarə Əzizova, Gültac Əlili, Əmrah Dadaşov, Fərid Rzayev, Zaur Əliyev, Ruslan Mürsəlov, Eleanora Mehdiyeva, Nərmin Əliyeva, Murad Əliyev və Əli Kərimovun ifasında uşaqlar biri-birindən maraqlı qəhrəmanlarla tanış olacaq və onlarla birgə möcüzələr aləminə səyahət edəcəklər. Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, rejissor assistenti Tamilla Aslanovadır".


Xəbərə aid fotolar