Yol polisi Tahir Kərimlini əsassız danışmaqda


Digərləri 18 Dek 2018 23:11:00 439 0

Yol polisi Tahir Kərimlini əsassız danışmaqda

Xalq arasında radar kimi tanınan texniki cihaz yollarda təhlükəsizliyin təmin olunması baxımından zəruri hesab edilir.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Milli Məclisin deputatı Tahir Kərimlinin çıxışını şərh edərkən deyib.

Xatırladaq ki, Tahir Kərimli bu günlərdə Milli Məclisdə radarlarla bağlı cərimələrin ləğv olunmasını təklif edib. O, qanunvericilikdəki bu cəzaların əhəmiyyətini itirdiyini deyib: "Telefonlara yüklənilə bilən müxtəlif proqramlar vasitəsilə sürücü yolun hansı hissəsində radarın olduğunu müəyyən edə bilir. Sürücü radarın harada olduğunu bildikdən sonra sürət həddini aşağı salır. Belə olan halda, qanunvericilikdəki həmin cəzaların nə əhəmiyyəti var ki?! Təklif edirəm ki, İnzibati Xətalar Məcəlləsindən həmin müddəalar çıxarılsın".

Deputat bununla yanaşı qeyd edib ki, digər məsələlərlə bağlı cəzalar sərtləşdirilməlidir: "Siqnallara, dayan-durma qaydalarının pozulmasına, piyadaların yolda telefonla danışmasına görə isə cəzalar sərtləşdirilməlidir. Piyada bir dəfə 50 manat cərimə edilərsə, daha qaydanı pozmaz. Piyadalar telefonla danışa-danışa yolu keçirlər, baxmırlar ki, maşın gəlir... Şəhərdə sürücülər yersiz siqnal verirlər, bunun qarşısını almaq lazımdır, cəzalar sərtləşdirilməlidir. Yaşayış binaların yaxınlığında tıxac olanda orada yaşayanlar yata bilmirlər".

Yol polisi də öz növbəsində deputatın arqumentlərinin əsassız olduğunu deməyə gecikməyib. Əsədov hesab edir ki, deputatın dediklərinin qanuni əsası yoxdur.

"Təbii ki, sürücülər radarların harada olduğunu yaxşı bilirlər. Amma bu, onlara yol hərəkəti qaydalarını radarların olmadığı yerlərdə pozmaq hüququ vermir" - deyə Əsədov bildirib.

Onun fikrincə, bu gün radarlar elə məsafədə quraşdırılıb ki, əgər qaydanı pozan sürücü onlardan birinə düşməsə, digərinə mütləq düşəcək.