Bakı Şəhər Prokurorluğunun həbsdə olan sabiq əməkdaşı: "Məni hədələdi ki, ondan 30 min manat pul almışam"


Digərləri 18 Dek 2018 15:12:00 764 0

Bakı Şəhər Prokurorluğunun həbsdə olan sabiq əməkdaşı: "Məni hədələdi ki, ondan 30 min manat pul almışam"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxananın sabiq müdiri Elçin Qurbanov ifadə verib.

O bildirib ki, səhhəti ilə bağlı 2014-cü ildə Türkiyəyə gedən zaman M.Talıbov onu Amid Hüseynovla tanış edib: "Müsənnif mənim həm xalam oğludur, həm də bacımın həyat yoldaşıdır. Türkiyədə olanda Müsənnif məni Amidlə tanış etdi və Qara Qarayevdə qonşu olduqlarını söylədi. Xəstəxanaya gedəndə Amid bizə yardımçı oldu. Sonra Bakıda işdə olan zaman Amid gəldi. Mən də həmin vaxt Bakı Şəhər Prokurorluğunda çalışırdım. Xahiş etdi ki, atası həbsdədir ona hüquqi yardım göstərim. Mən də ona vəkil tutmasını dedim. O, atasının həbsdən azad olunması üçün əfv yazmasına yardımçı olmağımı xahiş etdi. Ona yalnız hüquqi yardım göstərdim".

E.Qurbanovun sözlərinə görə, A.Hüseynov ona zəng edib, hədə-qorxu gəlib: "Məni hədələdi ki, guya Müsənnif, oğlu və mən ondan, ümumilikdə, 30 min manat pul almışam. Heç nə başa düşmədim, dayanmadan söyüş söyürdü. Mən də telefonu bağladım. Bir qədər keçəndən sonra rəisim otağına çağırıb Amidin şikayətçi olduğunu bildirdi. Daha sonra barəmizdə cinayət işi başlanıldı və mən həbs edildim".

Məhkəmədə elan olunub ki, E.Qurbanovun barəsində irəli sürülmüş ittihama əsasən, o, Amid Hüseynovun atasını həbsdən azad etdirmək adı ilə ondan 10 min manat pul alıb.

E.Qurbanov isə bunun yalan olduğunu, A.Hüseynovun şər-böhtanı əsasında həbs edildiyini söyləyib.