Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Pekində AzərbaycanÇin dostluq konserti keçirilib FOTO


Kriminal 18 Dek 2018 11:21:00 429 0

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Pekində AzərbaycanÇin dostluq konserti keçirilib  FOTO

Heydər Əliyev Fondunun və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən olan konsertin tamaşaçıları arasında Çin Xalq Respublikasının (ÇXR) rəsmiləri, o cümlədən Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin, Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, Pekin xalq hökumətinin, digər dövlət qurumlarının məsul işçiləri olublar.

Konsertdən əvvəl çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycan ilə Çinin dost və tərəfdaş ölkələr olduğunu qeyd edərək, xalqlarımız arasında əlaqələrin tarixi İpək Yolu dövründən başladığını deyib. Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvi hələ XII əsrdə Azərbaycan-Çin dostluğunu "Yeddi gözəl" poemasında vəsf etdiyi Çin gözəli obrazı ilə təsvir edib. Belə bir möhkəm özül üzərində qurulmuş Azərbaycan-Çin dostluğunun və əməkdaşlığının indiki mənzərəsi daha zəngin və rəngarəngdir.

Baş nazirin müavini Azərbaycanın sürətlə inkişaf edən və dünyada özünəməxsus yeri ilə seçilən Çinlə əlaqələrə xüsusi önəm verdiyini, əməkdaşlığın bütün istiqamətlər üzrə genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev və ÇXR Sədri Si Cinpin arasındakı qarşılıqlı hörmət və etimada əsaslanan siyasi dialoq ikitərəfli əlaqələrimizi inkişaf etdirmək üçün geniş imkanlar yaradır.

Si Cinpinin "Bir kəmər, bir yol" təşəbbüsünü xüsusi vurğulayan Ə.Əhmədov deyib ki, ölkəmizin ilk gündən dəstəklədiyi, dövlətlər və xalqlar arasında iqtisadi, humanitar və mədəni əlaqələrin dərinləşməsini özündə ehtiva edən bu vacib təşəbbüs Azərbaycanı və Çini daha da yaxınlaşdırıb. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəsi ilə "Bir kəmər, bir yol" təşəbbüsünün reallaşmasına öz töhfəsini verən Azərbaycan iqtisadi iş birliyi ilə yanaşı, Çinlə humanitar sahədə də müxtəlif layihələr həyata keçirməkdə maraqlıdır.

Baş nazirin müavini Azərbaycan-Çin humanitar əlaqələrinin genişləndirilməsində və müxtəlif mədəni layihələrin reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəal rolundan söz açıb. Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini dünyada layiqincə təbliğ edən Heydər Əliyev Fondunun Çində reallaşdırdığı tədbirlər xalqlarımızın bir-birinin mədəni sərvətləri ilə daha yaxından tanış olmalarına imkan yaradacaq.

Qədim İpək Yolunun ölkələrimiz arasında dostluq əlaqələrinin təməlini qoyduğunu qeyd edən Ümumçin Xalq Siyasi Məşvərət Şurası Milli Komitəsinin sədr müavini Şao Xon zəngin mədəniyyətə malik xalqlarımızın uzaq məsafədə yaşamasına baxmayaraq, bu yol vasitəsilə bir-birini tanımağa başladığını söyləyib. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 26 il ərzində qarşılıqlı anlaşma və etimad durmadan dərinləşib, müxtəlif sahələrdə dostluğa əsaslanan əməkdaşlıq inkişaf edib.

Azərbaycanın "Bir kəmər, bir yol" strategiyası üzərində yerləşən vacib bir ölkə olduğunu diqqətə çatdıran Şao Xon ötən müddətdə Azərbaycanın bu təşəbbüsün həyata keçməsində fəal iştirak etdiyini deyib.