"Qohum evlilikləri uşaqlarda anadangəlmə qaraciyər xəstəliklərinə zəmin yaradır"


Digərləri 18 Dek 2018 09:04:00 519 0

"Qohum evlilikləri uşaqlarda anadangəlmə qaraciyər xəstəliklərinə zəmin yaradır"

Transplantasiya xəstənin həyatını xilas etmək üçün ən son çıxış yolu da hesab edilə bilər. Bir insandan digərinə orqanın köçürülməsi təcrübəsi ilk dəfə 1933-cü ildə Ukraynada gerçəkləşib. Bu əməliyyat zamanı xəstəyə ilk dəfə olaraq böyrək köçürülüb. Azərbaycanda da hələ sovet dövründə xəstələr üzərində böyrəkköçürmə əməliyyatları aparılsa da, bu iş sonradan dayandırılıb.

Müstəqillik dövründə isə Azərbaycanda böyrəkköçürmə əməliyyatları bərpa edilməklə yanaşı, qaraciyərin köçürülməsinə (2008-ci ildən) də başlanılıb.

Son.az xəbər verir ki, Trend-in orqan transplantasiyası ilə bağlı suallarını Səhiyyə Nazirliyinin Transplantologiya İşinin Təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi cavablandırır.

- Bu il Azərbaycanda ilk qaraciyər transplantasiyası əməliyyatının aparılmasından 10 il keçir. Ötən bu dövrdə neçə xəstəyə orqan köçürülüb?

- Bu il dekabrın 12-də Azərbaycanda qaraciyər transplantasiyasına başlanılmasının 10 ili tamam olur. Əslində, Azəbaycanda ilk orqan köçürülməsi əməliyyatı 1971-72-ci illərdə akademik M.Cavadzadə tərəfindən həm canlıdan, həm də meyitdən böyrək transplantasiyası əməliyyatları ilə başlayıb. Həmin zaman bizim bu gün icra edə bilmədiyimiz əməliyyat - meyitdən orqan transplantasiyası da aparılıb. SSRİ dövründə M.Cavadzadə və komandası tərəfindən bu, böyük nailiyyət idi. Qürurverici hal odur ki, Azərbaycanda bu əməliyyatlara yaxın qonşularımız olan İran və Türkiyədən də əvvəl başlanıb. Lakin bu iş davam etdirilmədi və orqan köçürülməsi əməliyyatları dayandırıldı. Açığı, bu işin nəyə görə dayandırılmasının səbəbini dəqiq deyə bilmirəm. Ondan sonra 2000-ci ilin əvvəllərində professor Kamal Abdullayevin rəhbərliyi, xarici mütəxəssislərin iştirakı ilə təxminən 20-yə yaxın böyrək köçürülməsi əməliyyatı icra olundu. Lakin bu proqram da uğur qazana bilmədi, yəni davamlı olmadı. 2008-ci ilin dekabrın 12-dən bizim tərəfimizdən yalnız Azərbaycanda deyil, eyni zamanda Orta Asiya, Qafqaz regionunda canlıdan canlıya ilk qaraciyər transplantasiyası uğurla icra edildi. İlk dəfə olaraq, sırf Azərbaycan həkimlərinin iştirakı ilə aparılan bu əməliyyatdan sonra ölkəmizdə orqan köçürülmələrinə start verildi. Onu da qeyd edim ki, qaraciyər transplantasiyası edilmiş ilk xəstəmiz ictimai xadimdir, o, hazırda sağlam şəkildə əmək fəaliyyətini davam etdirir. İndiyədək 600-dən çox orqan transplantasiyası əməliyyatı icra edilib. Onların 450-ə yaxını böyrək, qalanı isə qaraciyər köçürülməsidir.

- Azərbaycanda orqan köçürülənlərin əksər hallarda böyrək çatışmazlığından əziyyət çəkən şəxslər olması belə xəstələrin daha çox olması anlamına gəlirmi?

- Əslində, digər orqan çatışmazlığından əziyyət çəkən insanların sayı kifayət qədərdir. Böyrək transplantasiyası edilmiş xəstələrin sayının qaraciyər köçürülən xəstələrin sayından çox olmasının bir neçə səbəbi var. Birinci səbəb donor problemidir. Təəssüf hiss ilə qeyd edim ki, biz hazırda yalnız canlı donordan xəstəyə orqan transplantasiyası əməliyyatı icra edirik. Beyin ölümü keçirmiş insanın, meyitlərin orqanlarından hələ ki, istifadə edə bilmirik. Amma mən inanıram ki, bu məsələ də öz həllini tapacaq. Digər problem donorların psixologiyası ilə bağlıdır. Qaraciyər çatışmazlığı olan xəstə üçün donorun qaraciyərinin bir hissəsi götürülür. Donor ola biləcək insanlar bu əməliyyatı etdirməkdən bir qədər çəkinirlər. Böyrək transplantasiyasında isə donor xəstəyə iki böyrəyindən birini verir. Ona görə də donorlar bunu daha rahat əməliyyat sayır.

- Azərbaycanda orqan transplantasiyasına ehtiyacı olan xəstələrin sayı dəqiqləşib?

- İndi bizdə belə xəstələrin dəqiq sayı yoxdur. Lakin onu bilirəm ki, transplantasiyaya ehtiyacı olan xəstələrin sayı bütün dünyada artmaqdadır. Çünki tibbi müayinələrin inkişafı, ətraf mühitin çirklənməsi əməliyyata ehtiyacı olan xəstələrin sayını artırır. Yeni başlayanda Azərbaycanda əməliyyatların sayı az idi, çünki insanların buna tələbatı olduğu halda inam və etibarı zəif idi. Xəstələrin əksəriyyəti orqan köçürülməsi üçün xarici ölkələrə gedirdilər. Lakin illər keçdikcə Azərbaycandan, eyni zamanda qonşu ölkələrdən bizə əməliyyat üçün müraciət etməyə başladılar və orqan köçürülməsi əməliyyatları üçün xaricə gedənlərin sayı kəskin şəkildə azalmağa başladı. İlk dövrlərdə əməliyyat etdiyimiz şəxslərin 60 -70 faizi xaricdə əməliyyat qərarı verilmiş, lakin bizim haqqımızda eşidərək geri qayıdan xəstələr idi. Bütün dünyada orqan köçürülməsi sırasında ən çətin əməliyyatlar pediatrik, yəni uşaqlar arasında keçirilən əməliyyatlardır. Çünki uşaq orqanizmi böyüməkdə olan orqanizmdir.

- Uşaqlar arasında qaraciyər xəstəliklərinin yayılması halları hansı səviyyədədir və bunun yaranma səbəbləri nələrdir?