Ayətülkürsi oxumağın fəzilətləri


Digərləri 18 Dek 2018 08:31:00 499 0

Ayətülkürsi oxumağın fəzilətləri

"Ayətül-kürsi" Qurani-kərimin Bəqərə surəsinin 255-ci ayəsinə verilən addır. Ayədə "Allahın kürsisi" ifadəsi işlədildiyi üçün, ona bu ad verilmişdir.

Əslində burada oturmaq üçün istifadə edilən kürsidən söhbət getmir; çünki Allah cism deyil və oturmaq üçün vasitəyə ehtiyacı yoxdur. Ayədəki "kürsi" ifadəsi Allahın qüdrət və hökmranlığının, elminin simvolu kimi işlədilib. Ümumiyyətlə, ayətül-kürsi Allah-təalanın böyüklüyünü, əzəmətini nümayiş etdirən, Onun bəzi sifətlərini açıqlayan ən bariz ayələrdən biridir. Bəzən Bəqərə surəsinin 256-cı və 257-ci ayələrini də bura əlavə edir və hər üç ayəni birlikdə ayətül-kürsi adlandırırlar.

İslam ənənəsində ayətül-kürsidən bir çox çətinliyi aradan qaldırmaq məqsədilə istifadə edilir. Bu, ən müxtəlif mənəvi, psixoloji, maddi problemləri həll etmək üçün universal vasitədir. Xəstəliklərdən şəfa tapmaq, insanların və cinlərin şərindən amanda qalmaq, kasıblıqdan qurtarmaq və ruzini artırmaq, çətin işi həll etmək, qorxunu aradan qaldırmaq, günahları bağışlatmaq və sairə məq-sədlər üçün ayətül-kürsini oxuyurlar.