Həzrəti Əlinin vəsiyyəti


Digərləri 18 Dek 2018 07:41:00 349 0

Həzrəti Əlinin vəsiyyəti

Əziz müsəlmanlar, bildiyimiz kimi, Ramazan ayının 21-i İmam Əlinin (ə) şəhadət günüdür. Bu münasibətlə bugünkü xütbəmizdə Həzrəti Əlinin ölümcül yaralandıqdan sonra yataqda ikən buyurduğu vəsiyyəti Sizlərə təqdim edirik.

"Sizə Allahdan qorxmağı tövsiyə edirəm. Tövsiyə edirəm ki, dünya sizdən üz çevirsə də, ona əhəmiyyət verməyin, itirdiyiniz şeyə kədərlənməyin. Haqq söz danışın, axirət savabı qazanmaq üçün hərəkət edin! Zalımın düşməni, məzlumun yardımçısı olun!

Sizə (yəni Həsənlə Hüseynə), qalan övladlarıma, ailə üzvlərimə, həmçinin, məktubumu oxuyacaq hər kəsə Allahdan qorxmağı vəsiyyət edirəm. İşlərinizi nizama salın, aranızdakı ixtilafları kənar edin. Babanız Allah Rəsulundan eşitmişəm ki, buyurub: "İki küsmüş şəxsin münasibətlərini qaydaya salmaq bir illik müstəhəb namaz və orucdan daha üstündür".

Siz Allah, siz Allah, yetimləri unutmayın, onların ağzını bir loxma çörək intizarında qoymayın, onlara qarşı etinasızlıq etməyin!

Siz Allah, siz Allah, qonşularınıza diqqətli olun; bu, Peyğəmbərimizin sifarişidir. O həzrət, qonşuya yaxşılıq barədə o qədər tapşırdı ki, elə güman etdik, qonşuları bir-biri üçün vərəsə qərar verəcək.

Siz Allah, siz Allah, Qur'anı yaddan çıxarmayın! Çalışın ki, Qur'anın hökmlərinə əməl etməkdə başqaları sizi ötməsinlər!