"Dünya qlobal xaosa sürüklənir"


Dünya 17 Dek 2018 23:52:00 359 0

"Dünya qlobal xaosa sürüklənir"

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş dekabrın 16-da Qətərin paytaxtı Dohada öz işinə yekun vurmuş "Diplomatiya, dialoq və müxtəliflik" mövzusunda 18-ci Beynəlxalq Forumdakı çıxışında qlobal siyasətin aktual məsələlərinə toxunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, baş katib sülh, təhlükəsizlik və vasitəçilik, iqtisadi inkişaf və dünyada baş verən dəyişiklikləri 2018-ci ilin ən aktual problemləri adlandırıb. Onun sözlərinə görə, bu problemləri çoxtərəfli yanaşma yolu ilə həll etmək mümkündür. O, məhz bu yanaşma tərzinin və beynəlxalq əməkdaşlığın başa çatmaqda olan ilin ən çox tənqidə məruz qalan sahələr olduğunu vurğulayıb.

A.Quterreş əlavə edib ki, yaranan problemlərin əsas səbəbi "etimad çatışmazlığı sindromudur": dövlətlər, vətəndaşlar və hökumətlərin beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə inamı azalıb. Sosial-iqtisadi bərabərsizliyin artması, gəlirlərin azalması, ticari münaqişələrin güclənməsi, borcların artması və geosiyasi gərginliyin yüksək həddə çatması fonunda bu etimadsızlıq daha da dərinləşir.