Paytaxtda təşkil olunan yeni yarmarkalara axın var:


Digərləri 17 Dek 2018 20:19:00 676 0

Paytaxtda təşkil olunan yeni yarmarkalara axın var:

Artıq bir neçə gündür ki, paytaxtın müxtəlif ərazilərində, xüsusən də metrostansiyaların qarşısında yeni il yarmarkaları təşkil olunub. 

Son.az bildirir ki, Sputnik Azərbaycan-ın əməkdaşı "28 May" metrostansiyasının qarşısında təşkil olunan yarmarkaya baş çəkərək, alıcı fəallığı və qiymətlərlə maraqlanıb.

Bayrama sayılı günlər qaldığı üçün yarmarkada böyük canlanma müşahidə edilir. Alıcılarla yanaşı satıcılar da bu vəziyyətdən məmnundurlar.

Satıcı Akif Soltanovun sözlərinə görə, alıcılar daha çox kiçik aksesuar almağa üstünlük verirlər: "Hər il olduğu kimi, bu il də yarmarkada ən çox satılan işıq və oyuncaqlardır. Alıcılıq qabiliyyətinin yüksək olmasının digər səbəbi isə burada qiymətin digər yerlərlə müqayisədə ucuzluğu ilə bağlıdır. Təkcə yeni il ağacının oyuncağı üçün bu yarmarkada 10 qəpik, yaxud da 2-3 manat xərcləmək o qədər də çətin deyil. Yeni il qozalarının qiyməti isə 4-6 manat arasında dəyişilir".

Satıcı Ceyhun Mirzəyev isə Şaxta Baba geyimləri və torbaları haqda məlumat verir: "Geyimlərin qiymətləri yaşından asılı olaraq dəyişir. 7-10 manata uşaqlar üçün istənilən ölçüdə Şaxta baba geyimi almaq mümkündür. Valideynlər övladları üçün Şaxta Baba geyimi ilə yanaşı torbalarını da almağa üstünlük verirlər. Bu torbaların qiyməti 1.50-9 manat arasında dəyişir".

Bazarda azyaşlıların da məhsul satdığı diqqətimizdən yayınmadı. Rauf Ağayev (ad şərtidir - red.) balaca yumşaq oyuncaqlar satmaqla yeni il yarmarkasında gəlir qazanmağa çalışır. Onun satdığı oyuncaqların qiyməti isə standart olaraq 2 manat təşkil edir.

Satıcı Sabir Feyzullayev deyir ki, alıcılar daha çox Şaxta Baba papaqları alırlar: "Şaxta Baba papaqlarının qiyməti 1-5, zınqırovlar 1.50-3.50, qapıların üzərinə yapışdırılan yeni il bəzəkləri isə 2-20 manat arasında dəyişir".

Şaxta Baba maskaları, eynəkləri və bu kimi kiçik aksesuarların satışı ilə məşğul olan Dilavər Rzayev ötən illə müqayisədə alıcılıq qabiliyyətində elə bir dəyişikliyin olmadığını bildirir: "Alıcılıq qabiliyyəti bizi qane edir. Qazancımız ötən ilki kimidir, hər gün fərqli olur. Olur ki, bir gün az, bir gün isə çox qazanırıq. Bəzən günə 15-20, bəzən də 30-50 manat gəlirimiz olur. Qiymətlərdə ildən-ilə bahalaşma baş verir. Hər il olduğu kimi, bu il də yarmarkada, az da olsa, bahalaşma var".


Xəbərə aid fotolar