"Şahmar müəllim mənə dedi ki, get, polisdə izahat yaz"


Digərləri 17 Dek 2018 16:14:00 327 0

"Şahmar müəllim mənə dedi ki, get, polisdə izahat yaz"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin külli miqdarda dələduzluqda təqsirləndirilən sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin sabiq rəhbəri Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov ifadə verib. 

O bildirib ki, imtiyazlı ailələr üçün nəzərdə tutulmuş evlərin verilməsində komissiya sədri olub.

Onun sözlərinə görə, evlərin sənədləşməsi onun səlahiyyətində olmayıb:

"Şəhid ailələri, gözdən əlillər icra hakimiyyətinə şikayətə gələndə Hüquq şöbəsinə sənədlərin tezləşdirilməsini xahiş edirdim. Sənədləşmə işi mənim səlahiyyətində deyildi, buna Hüquq şöbəsi baxırdı".

Hakim xatırladıb ki, vətəndaşların əksəriyyəti Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmədən ev növbəsinə qeydiyyata götürülüb. 

Ş.İbadov isə qeyd edib ki, icra hakimiyyəti heç kəsdən pul almayıb.