Bakı Ağ Şəhər piyada körpüsünün layihələndirilməsi başa çatır


Digərləri 17 Dek 2018 15:55:00 456 0

Bakı Ağ Şəhər piyada körpüsünün layihələndirilməsi başa çatır

Bakı Ağ Şəhərin növbəti "landmark"ı olan piyada körpüsü şəhərsalmada mühüm məsələlərin həllini təqdim edir, həmçinin şəhər memarlığında estetik rol oynayır.

Son.az Trend-ə istinadən bildirir ki, Ağ Şəhərdə salınacaq yüksək səviyyəli körpü layihənin şimal və cənubunu Nobel prospekti üzərindən birləşdirəcək və Bakının yeni rəmzlərindən birinə çevrilməsini vəd edir.

Eni 7-14 metr, uzunluğu 237 metr olan körpünün üst qatı cənubda "Baku City Mall" alış-veriş mərkəzinin 3-cü mərtəbəsinə, şimalda eyni zamanda Fəvvarələr meydanının mərkəzinə, 1-ci Fəvvarələr küçəsinə, alt qatı isə Nobel prospektində yerləşən Zaman meydanına çıxacaq. Piyadalar, həmçinin körpüdə yerləşdiriləcək eskalator və liftlər vasitəsilə Ağ Şəhər metro stansiyasına rahat gediş-gəliş əldə edəcəklər.

Körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən həyata keçirilir. Körpünün layihələndirməsində yerli mühəndislərlə bərabər Almaniyanın "Werner Sobek" şirkəti iştirak edib. Memarlıq həlləri dünyada aparıcı memarlıq bürosu kimi tanınmış Niderlandın "UN Studio" şirkəti tərəfindən işlənilib. "UN Studio" şirkəti Bakı Ağ Şəhər layihəsi çərçivəsində investorların sifarişi ilə Nobel prospektinə çıxan qoşa ofis binalarını və bank binasının layihəsini işləyib. Bu şirkət memarlıq, infrastruktur və şəhərsalma sahəsində ABŞ, Niderland, Avstriya, Tayvan, Sinqapur, Çin və digər ölkələrdə məşhur layihələrin müəllifidir. İlkin mərhələdə Londonda Millennium körpüsü, Strasburqda Kehl körpüsü, Kaliforniyada Sundial körpüsü kimi dünyanın ən heyranedici piyada körpülərinin tərtibat və tikintisi araşdırılıb.


Xəbərə aid fotolar