"Qoca" ilə birgə qaçan məhbus son söz dedi: "Tək mən tutulsaydım, bəlkə də peşman olmazdım"


Digərləri 17 Dek 2018 12:58:34 345 0

"Qoca" ilə birgə qaçan məhbus son söz dedi: "Tək mən tutulsaydım, bəlkə də peşman olmazdım"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Anar Əsgərov son sözü olmadığını deyərək çıxışdan imtina edib.

Digər təqsirləndirilən İsrafil Soltanov da son söz söyləyib. O, özünü qismən təqsirli bildiyini bildirib: "Mən, əslində, nə baş verdiyini məhkəməyə gələndən sonra bilmişəm. Sadəcə, Etibargil Biləcəridə gəlib mənim maşınıma miniblər. Mənim ikinci qrup əlil, 2 azyaşlı övladımın olmasını nəzərə almağınızı xahiş edirəm. Bilirəm ki, bu iş çox səs-küylüdür. Amma xahiş edirəm, səs-küyü yox, ədaləti əsas götürüb hökm çıxarasınız. Az da olsa, özümü günahkar bilirəm".

Daha sonra təqsirləndirilən Tərlan Zeynalov son sözündə özünü cinayəti bilib gizlətməkdə təqsirli bildiyini ifadə edib. Onun sözlərinə görə, Etibar Məmmədov qaçıb onun yanına gəlib: "Cinayət Məcəlləsinin 304-cü maddəsi ilə günahım yoxdur, mən heç kəsi qaçırmamışam. Etibarı sonuncu dəfə 2015-ci ildə qardaşımın toyunda görmüşəm. Ondan sonra heç bir əlaqəm olmayıb. Qaçıb yanıma gəlib, pul istəyib vermişəm. Onun həbsdə olduğunu bilirdim, amma niyə tutulduğundan xəbərsizəm".

Təqsirləndirilən Əli Ağami isə son sözündə peşman olduğunu qeyd edib. O, günahının olduğunu, heç yerə qaçmadığını vurğulayıb: "Amma bu camaata görə peşmanam. Tək mən tutulsaydım, bəlkə də peşman olmazdım. Sadəcə, burda oturan adamlara görə peşmanam".