Polisdən xəbərdarlıq: "Təhlükəli yüklər daşıyanlar cəzalandırılacaq"


Digərləri 17 Dek 2018 09:09:49 335 0

Polisdən xəbərdarlıq: "Təhlükəli yüklər daşıyanlar cəzalandırılacaq"

Son günlər minik avtomobilləri ilə yükdaşıma fəaliyyəti göstərən və istismara yararsız nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən törədilən yol-nəqliyyat hadisələri və digər xoşagəlməz hallar çoxalıb. Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi bəzi məqamları həmin nəqliyyat vasitələrini idarə edən sürücülərin və digər hərəkət iştirakçılarının diqqətinə çatdırır.

Son.az xəbər verir ki, idarədən report-a verilən məlumata görə, son həftə ərzində bu cür nəqliyyat vasitələrini idarə edən onlarla sürücü barəsində inzibati protokol tərtib olunub. Bir neçə nəqliyyat vasitəsi istismara yararsız olduğu üçün cərimə meydançasına aparılıb.

Baş Dövlət Yol Polisi İdarəsi xatırladır ki, ötən gün Salyan rayonunda dəmir qırıntıları daşınan "Opel" markalı avtomobillə "Hyundai" markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə "Opel"in üzərində olan dəmir boru "Hyundai" markalı avtomobilin ön şüşəsini sındıraraq, sürücünün həyatına son qoyub. Hadisədən sonra bu cür nəqliyyat vasitələrinə qarşı qəti tədbirlərin görülməsi barədə göstəriş verilib.

Ötən gün paytaxtın Nəsimi rayonu ərazisində də "QAZ-31" markalı avtomobil 12 metr uzunluğa malik armaturları daşıdığı üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilin sürücüsünün sərxoş vəziyyətdə olduğu şübhə doğurduğundan o, müayinəyə dəvət edilib və müvafiq sənədlər tələb olunub. Lakin sürücü bunlardan imtina edərək özünü və yol polisi əməkdaşını yandırmaqla hədələyib. Sonra isə benzinlə həm özünə, həm də yol polisi əməkdaşına xəsarət yetirib.

Bu cür xoşagəlməz hallar uzun müddətdir baş verdiyindən polis yol hərəkət qaydalarına əməl etməyi tövsiyə edir. Qeyd olunur ki, bu cür nəqliyyat vasitələri istismara yararsız vəziyyətdə olduğundan və heç bir təhlükəsizlik elementi mövcud olmadığından yol nəqliyyat hadisələrinə səbəb olur. Lakin həmin nəqliyyat vasitələri ümumi istifadə olunan yollarda deyil, ara və məhəllədaxili yollarda istifadə edildiyindən, yol polisi əməkdaşları onları tez-tez aşkar edə bilmir. Yalnız ümumi istifadədə olan yollara çıxdıqda onları saxlayıb, sürücüləri məsuliyyətə cəlb etmək mümkündür.

Yol polisinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, bu cür nəqliyyat vasitələrini idarə edənlərin əksəriyyətinin sürücülük vəsiqəsi yoxdur. Bəziləri hətta müvafiq sənədlər olmadan belə, bu cür nəqliyyat vasitələrini idarə edir.