Atası tərəfindən həbs olunması üçün polisə aparılan əməkdar artist Keçmişdəki mən FOTO


Kriminal 17 Dek 2018 06:30:00 857 0

Atası tərəfindən həbs olunması üçün polisə aparılan əməkdar artist  Keçmişdəki mən  FOTO

Əzizağa Əzizov: "İnsan yaşlandıqca kövrəlir və gəncliyinin qədrini yalnız o zaman anlayır" 

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Sadə, istedadlı, təvazökardır... Həyatının ən müqəddəs, gözəl dövrünün uşaqlıq illəri olduğunu hesab edir. Çətinliklərdən qorxmur. "Bir qapı bağlanırsa, digəri mütləq açılır" prinsipi ilə hərəkət edir.

Müsahibimiz əməkdar artist, Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Əzizağa Əzizovdur.   "Bəzən həyat bizi başqa istiqamətə aparır"   Hacıqabulda 7 uşaqlı ailədə dünyaya gəlib. Anası evdar qadın, atası maşinistdir. Deyir ki, dənizçi olmaq istəsə də, ailəsinin təkidi ilə incəsənət sahəsinə gəlib: "Orta məktəbdə oxuyanda dənizçi olmaq istəyirdim, çünki dənizi çox sevirdim. Məqsədim Odessa Hərbi Dənizçilik Məktəbində təhsil almaq idi. Tale, qismət... Bəzən həyat bizi başqa istiqamətə aparır. Mənimlə də elə oldu. 1978-ci ildə orta məktəbi bitirib, böyük bacım və böyük qardaşımın təkidi ilə Mədəniyyət və İncəsənət Universitetinin Musiqili komediya aktyoru fakültəsinə daxil oldum. Həmişə deyirəm ki, bu sənətə gəlməyimə peşmanam. Neçə dəfə bu sənətdən uzaqlaşmaq istədim, amma gec idi... Övladlarıma əvvəldən demişdim ki, hansı sənəti seçirsinizsə seçin, amma incəsənəti seçməyin. 45 yaşıma kimi evim olmayıb. Uzun illər yataqxanada qalmışam, çox çətinlik görmüşəm. Ona görə istəmirəm ki, mənim çəkdiyim əziyyətləri övladlarım çəksin".

"Dənizçi olmaq istəyirəm"   Ailəsinin təkidi ilə həyatı dəyişəm həmsöhbətimiz deyir ki, sənətlə bağlı heç vaxt öz övladlarına təzyiq göstərməyib: "Bir qızım, bir oğlum var. Uşaq vaxtı mənə təzyiq olunduğu üçün uşaqlarımın sənət seçiminə mane olmadım. Qızım uşaqlıqdan həkim olmaq istəyirdi. Düzdür, aktrisalığa da həvəs göstərirdi. Amma bu, hobbi idi. Biz də dəstək olduq və arzusuna çatdı. Oğlum isə pilot olmaq istəyirdi. 59 yaşım var hələ də bacımı qardaşımı günahkar tuturam ki, dənizçi olmamışam. Seçdikləri sənətin arxasında dayanmışam. Düzdür, uğurlarım çox olub, amma hələ də dənizçi olmaq istəyirəm".   "Atam məni həbs etdirirdi"   Uşaqlıq illərindən danışan həmsöhbətimiz deyir ki, təkliyi sakitliyi çox sevir: "Dərsdən gələn kimi çörək yeyib, qoyunları otarardım. Elə dərslərimi də orada oxuyurdum. Əlaçı idim. Nadinc uşaq deyildim. Amma çox pis alışqanlığım var idi, 7-ci sinifdən siqaret çəkirdim. Buna görə atam tərəfindən dəfələrlə döyülmüşəm. Hələ də o ağrı yadımdan çıxmır".

Danışarkən kövrəlir. Bu an atasının onu həbs etdirməsi yadına düşür və gülərək həmin hekayəni danışır: "Atam çox ciddi idi. Yadımdadır bir dəfə 10-cu sinifdə oxuyanda qohum uşaqları ilə razılaşdıq ki, gedək kinoya baxaq. Atamdan icazə aldım və getdik. Biz dəmir yolunun yaxınlığında olurduq. Vaqonlarda yüklər gətirildiyi üçün orada tez-tez oğurluqlar olardı. Bir dəfə  keçəndə  gördük ki, taxtalar var. Uşaqlar dedi ki, gəlin bu taxtadan oğurlayaq, sataq.  O vaxt 30 qəpiyə satıb, sabahkı kinonun pulunu düzəltmək istədik. Mən taxtanı götürüb, qan-tər içində çiynimdə gətirirdim. Gördüm ki, atamgil həyətdə oturub, samovar çayı içirlər. Atam məni görüb ayağa qalxdı. Dedi ki, ay bala, bu nədir? Dedim ata, taxtadır gətirdim ki, həyətdə işlədərik. Atam həyətdə oturmuşdu. Dedi ki, bir dəqiqə dayan, mən sənə yer göstərəcəm, taxtanı aparaq. Mənə dedi ki, arxamca gəl və məni dəmiryol polisinə gətirdi. Hamı atamı tanıyırdı. Nizam-intizamı, qanunları sevən insan idi. Polislərə dedi ki, sizə oğru gətirmişəm. Taxta oğurladığı üçün bunu həbs edin. Mənə göstəriş verdilər ki, at taxtanı yerə, get, bir də belə etmə. Atam əsəbiləşdi ki, əgər siz qanunsuzluq edib oğluma 15 gün həbs verməsəniz, sizdən şikayət edəcəm. Məni orda qoyub getdi. Məni otağa saldılar. Sonra polis mənə başa saldı ki, gecəni qohumlarıngildə qal, atan sakitləşsin. Bir də belə etmə. Ata olduğum üçün atamı indi çox yaxşı başa düşürəm. Əgər o məni cəzalandırmasa idi, indi həbsxanalarda çürüyüb getmişdim, həyatım məhv olmuşdu".


Xəbərə aid fotolar