Dayısının sözünə baxmadı, dünya və Avropa çempionu oldu Portret FOTO


Digərləri 16 Dek 2018 22:49:00 334 0

Dayısının sözünə baxmadı, dünya və Avropa çempionu oldu  Portret  FOTO

O, 2018-ci ilin ən yaxşı idmançısı adına əsas namizəddir 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Kumiri Rövşən Bayramov, hobbisi kitab oxumaq, xarakterinin əsas özəlliyi dürüstlükdür. Heç bir halda yalan danışmağı bacarmır. Dayısı - tanınmış futbol mütəxəssisi Şahin Diniyev onu yaşıl meydanda görmək istəsə də, güləşi seçib. "Yaxşı ki, belə qərar vermişəm, bir daha seçim etməli olsam, yenə güləşi seçərdim" deyir. Anlaşılandır. O, bu gün dünya və Avropa çempionudur. Hər iki uğuru cəmi bir ilə sığdırmaqla, böyük diqqət çəkib. Sona çatmaqda olan 2018-ci ilin ən yaxşı idmançısı adına əsas namizəddən - yunan-Roma güləşçisi Eldəniz Əzizlidən bəhs edirik.   Valideynlərindən xəbərsiz...   Eldəniz Yamən oğlu Əzizli 1992-ci ildə Beyləqan rayonunda doğulub. Əksər oğlan uşaqları kimi, o da nadincliyi ilə başabəla olub. Gah dava-dalaş salıb, gah da ağac-hasar başından yıxılaraq, qol-qıçını zədələyib. Belə olduqda, valideynlər çıxış yolu kimi adətən idmanı görsə də, Eldənizin ailəsində vəziyyət fərqli olub. Ələlxüsus da anası onun oxumağını istəyib. Lakin təhsil aldığı məktəbin yaxınlığında açılan idman zalı planları dəyişib. Eldəniz yoldaşlarına qoşularaq, sərbəst güləş məşqlərinə qatılıb. Əvvəl ata-anasından bunu gizlədib. Çox keçməyib ki, sonuncu dərslərə nə üçün girmədiyi üzə çıxıb. Anası tərəfindən danlansa da, güləş həvəskarı olan Yamən bəy məşqini izlədikdən sonra gələcəyinin uğurlu olacağına inanıb. Lakin sərbəst güləş məşqləri çox çəkməyib. Heç bir ay keçməmiş, yunan-Roma növünə üz tutub. Qohumu Kamil Fərzəliyevin yanında 8 il klassik güləşin sirlərinə yiyələnən, bu müddətdə dəfələrlə UGİM birinciliklərinin qalibi olan Əzizli, 2007-ci ildə Bakıya gəlib. Həmin ildə baş tutan ilk mötəbər yarışını - yeniyetmələr arasında respublika birinciliyini bürünc mükafatla başa vurub. Bu nəticədən sonra yığma komandanın heyətinə cəlb olunub. Gürcüstan və Türkiyədə keçirilən beynəlxalq turnirlərdəki qalibiyyətlərlə Polşada təşkil olunan Avropa birinciliyində ölkəmizi təmsil etmək hüququ qazanan Eldəniz, rəqiblərinə xal vermədən, qitənin ən güclüsü olub.

Çempionluqlara doymayan gənc   Əzizli 2008 və 2009-cu illərdə də Avropanın bir nömrəsi ünvanını heç kimə güzəştə getmir. 2010-cu ildə gənclər arasında debüt ili olsa da, o, həm Bolqarıstanda baş tutan Avropa, həm də Macarıstanda təşkil olunan dünya birinciliyinin qalibi olur. 2011-ci ildə gənclərin əsas qitə yarışında yenidən fəxri kürsünün ən yüksək pilləsində dayanır. Almaniyada keçirilən böyüklərin Avropa çempionatında isə üçüncü nəticə göstərir. Həmin ilin dekabrında Orxan Əhmədov və Elçin Əliyev kimi titullu pəhləvanları üstələməklə, böyüklərin respublika çempionatının qalibi adını qazanır. Növbəti ildə gənclər arasında Avropa çempionatını buraxsa da, Tailandda baş tutan dünya birinciliyində ikinci çempionluğunu bayram edir. 2013-cü ildə Kazanda təşkil olunan universiadada isə bürünc medalı boynundan asır.   Sükut   2014-cü ildə Dünya Güləş Birliyinin çəki dərəcələrində etdiyi dəyişiklikdən sonra qəhrəmanımızın karyerasında eniş başlayır. Belə ki, Eldənizin çıxış etdiyi ekstra yüngül çəki dərəcəsi əvvəlki kimi 55 deyil, 59 kiloqram müəyyənləşdirilir. Çəkisini qaldırmaqda çətinlik çəkən Əzizli, normalda daha yuxarı çəkiyə malik güləşçilərlə mübarizədə istəyinə çata bilmir. Daxili yarışlarda üzləşdiyi ardıcıl uğursuzluqlar, beynəlxalq turnirlərin qapısını üzünə bağlayır. Əslində, bu, tək Eldənizin üzləşdiyi problem deyil, böyük rəqabət olan 55 kiloqramda çıxış edən əksər "klassiklər"imiz keçid dövründə uğursuzluqla üzləşib.

5 ilin 5 aya sığan "sığorta"sı   Yarış qaydaları və çəki sistemində tez-tez dəyişiklik etməklə ad çıxaran ali güləş qurumu, 2017-ci ildə çəki dərəcələrinə yenidən əl gəzdirir. Say səkkizdən ona qaldırılır, nəticədə, 55 kiloqram da bərpa olunur. Bununla da Eldənizin karyerasında yeni - möhtəşəm dövrün əsası qoyulur. Cari ilin may ayında Dağıstan respublikasının Kaspiysk şəhərində Avropa, oktyabrda isə Macarıstanın paytaxtı Budapeştdə dünya çempionu olan qəhrəmanımız, Azərbaycanın yunan-Roma güləşi tarixində ikinci belə uğura imza atıb. Belə ki, bir ildə hər iki titulu onadək sadəcə, Həsən Əliyev qazanmışdı. Yeri gəlmişkən, hər iki pəhləvanın şəxsi məşqçisi əməkdar məşqçi Vaqif Feyzullayevdir.   Çox güclü, əsl xarakter nümunəsi   Əlindəki ciddi zədəyə rəğmən, final da daxil, dünya çempionatında keçirdiyi beş görüşün dördündə rəqiblərinə bir xal da vermədi. Fiziki cəhətdən çox güclü təsir bağışlayan Eldəniz, həm də olduqca soyuqqanlıdır. Bunun üçün Avropa çempionatının yarımfinal görüşünü xatırlamaq kifayətdir. Belə ki, o, ev sahibi Vasili Topoyevə 0-7 hesabı ilə uduzsa da, sonradan vəziyyəti xeyrinə dəyişməklə, çempionatın ən maraqlı hadisəsini müəyyənləşdirmişdi. Bu, onda əzəldən mövcud olan xüsusiyyətdir. Güləşlə məşğul olduğu 20 ilə yaxın müddət ərzində dəfələrlə belə hal yaşayıb.

"Sərbəst güləşdə uğurlu olmazdım. Elastikliyim bu növün tələblərinə cavab vermir. Qələbələri böyük ölçüdə gücümün hesabına qazanıram. Bu gün məni rəqiblərimdən fərqləndirən əsas cəhət budur" - deyir, Əzizli.

Baş məşqçinin əminliyi   55 kiloqram çəki dərəcəsi Yay Olimpiya Oyunlarının proqramında yer almadığından, növbəti ildən Eldənizi 60 kiloqramda görəcəyik. Özü Avropa çempionatında hazırkı çəkisində çıxış edib, II Avropa oyunları və Qazaxıstanda keçiriləcək lisenziya xarakterli dünya çempionatına 60 kiloqramda hazırlaşmaq istəsə də, baş məşqçi Şaban Donat fərqli düşünür. Türkiyəli çalışdırıcı hesab edir ki, keçid nə qədər tez baş tutsa, o qədər effektli olacaq. Donatın Əzizli barədə düşüncələrini təqdim edirik: "Yaxşı insan olmadan, çempion olmaq mümkün deyil. Bu, mənim fəlsəfəmdir. Odur ki, Eldənizin xarakteri barədə geniş söhbət açmağa gərək yoxdur. Mən inanıram ki, o, 60 kiloqramda da uğurlu olacaq. Fiziki cəhətdən çox güclüdür. Üstəlik, növbəti ildən final proqramında 2 kilo artıq çəki ilə güləşməyə icazə verilməyəcək. Şərtlər 60 kiloqram və digər olimpiya çəkilərində çıxış edən güləşçilərin əksəriyyətinə heç cür sərf etmir. Eldəniz isə çəkisalmada heç bir problem yaşamayacaq deyə, rəqibləri qarşısında önəmli avantaja sahib olacaq. Ümid edirəm ki, o, Tokio olimpiadasında da sözünü deyəcək".   Kitabsız keçən gün, gün deyil   Mütaliəsi, dünyagörüşü ilə fərqlənir. Dediyinə görə, kitabsız bir günü yoxdur. Hara getsə, özü ilə mütləq kitab götürür. Şəriət qanunlarını rəhbər tutaraq yaşayan Əzizli, dini məzmunlu kitablara üstünlük verir. Bir neçə il hazırlıq keçərək, ərəb dilini də öyrənib. Tarixi kitablarla da arası yaxşıdır. Gərgin məşqlərdən, yarışlardan vaxt tapıb, Şaban Donatın hədiyyə etdiyi 6 cildlik "Osmanlı tarixi"nin 3 cildini bitirib.


Xəbərə aid fotolar