İçərisində 120 min manat olan çantanı oğurladı,
Kriminal 16 Dek 2018 18:38:00 440 0
- Cənab hakim, 28 yaşım var, 50 manata görə bütün həyatım məhv olur.
- Qandalı haradan tapmışdın, o adamın qoluna niyə vurmuşdun?
- Qandal onun özünün idi, üstünə silah çəkməmişəm ki...
Son.az Virtualaz.org-a istinadən bildirir ki, bunu özünü polis kimi təqdim edərək, iş adamını gah Xətai Rayon Polis İdarəsinə, gah "qorotdel"ə, gah da "bandotdel"ə aparacağı ilə hədələyən, içərisində 120 minə yaxın pul olan çantanı ələ keçirən, lakin cəmi 50 manat "apara" bilən 28 yaşlı məhbus deyir.
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Qubadlı rayon sakini Bəxtiyar Qayıbovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə bu il fevralın 16-da axşam saatlarında Nərimanov rayonu ərazisində baş verib. Həmin gün, adəti üzrə, şirkətdən çıxıb "Tofaş Şahin" markalı avtomobilə əyləşmək istəyən iş adamı Mehman Alməmmədova basqın olub. Basqın zamanı içərisində 119 min manat olan çantanı götürüb aradan çıxmağa müvəffəq olan Bəxtiyar Qayıbov hadisədən sonra saxlansa da, məlum olub ki, içərisində 100-lük və 50-lik olan pul dolu çantadan bir ədəd 50 manatlıq götürə bilib.
İzlənilən və basqına məruz qalan iş adamı kimdir?
Uzun müddətdir ki, "Nizami" metro stansiyası ilə üzbəüz yerləşən binanın birinci mərtəbəsindəki çay evinə gedib-gələn B.Qayıbov həmin çay evində adlarını eşitdiyi Samir, Mehman və digər şəxslərin bank işi ilə məşğul olduqlarını, böyük məbləğdə pulları olduğunu öyrənə bilib. Təxminən iki ay Mehmanla Samiri izləyib. Mütəmadi olaraq Samirin idarə etdiyi "Tofaş Şahin" markalı avtomobillə Mehmanın "Nəsimi" bazarı yaxınlığında yerləşən "BTB Bank" və Nərimanov rayonu M.Araz küçəsindəki "Avesta Holdinq"in yanında yerləşən şirkətə gedib-gəldiklərini görüb.
B.Qayıbov ifadəsində göstərib ki, növbəti dəfə fevralın 16-da çay evinə gedərkən Samirin maşınının yenə də obyektin qarşısında olduğunu, Mehmanın isə köşkdən nəsə alıb maşına əyləşdiyini görüb. Onların pul götürmək üçün getdiklərini düşünən Bəxtiyar taksi saxlatdırıb və arxalarınca sürdürüb. "Nəsimi" bazarının qarşısında Mehman maşından düşüb "BTB Bank"a girib. B.Qayıbov da öz növbəsində taksini saxladıb və Mehmangili izləməyə davam edib.
"Tez ol, maşını "qorotdel"ə sür"
Mehman banka girdikdən təxminən bir saat sonra oradan çıxıb, maşına əyləşib və "Avesta Holdinq"in yanındakı şirkətə yollanıb. Onların arxasınca həmin ünvana gələn Bəxtiyar Mehmanın əlində tünd rəngli idman çantası ilə şirkətə sarı getməsinin şahidi olub. Axşam saat 18-19 radələrində şirkətdən çıxan Mehman avtomobilin qapısını açıb əyləşmək istədikdə Bəxtiyar qapını əli ilə tutub saxlayıb. Mehman ondan nə lazım olduğunu soruşub: "Dedim, düş, keç arxada otur. Dedi, düşməyəcəyəm. Avtomobilin arxa oturacağında qandal var idi. Əlimlə Mehmanın çənəsindən itələdim, qandalı qollarına taxdım. Sonra arxada oturub Mehmanın paltosunun boynundan tutdum. Dedi, məni vurma, xəstəyəm. Samirə avtomobili idarəyə sürməsini söylədim. Mehman da "qorotdel"ə sür" dedi".
"Çantanı Samirin üstünə atıb qaçdım"
B.Qayıbov iş adamının həyəcanlandığını görüncə "narahat olma, mənə sən lazım deyilsən, sənin tanışın var, onu axtarıram, idarəyə gedək, orada bilərsən" deyib. Sonra isə çantada nə olduğunu soruşub. Mehman çantadakı pulların banka məxsus olduğunu bildirib. B.Qayıbov əlini uzadıb içərisində pul olan çantanı ayaq altından götürüb. Bu zaman Mehman Samirə maşını "bandotdel"ə sürməyi əmr edib:
"Samirin üzünə sillə vurub dedim ki, mən deyən yerə sür. Avtomobili yaşadığım ünvana tərəf sürdürdüm. Beynəlxalq Universitetə çatanda maşını ara küçədə saxlatdım. Maşın dayanan kimi çantanı da götürüb qaçmağa başladım. Yolda çantanın içərisindən 50 manatlıq pul paçkasının arasından bir ədəd 50 manatlıq götürdüm. Marketə girib özümə 5 manatlıq kontur aldım. Çıxarkən qapıda Samirlə qarşılaşdım. Çantanı onun üstünə atıb qaçdım. Bundan sonra nə Samiri, nə də Mehmanı görməmişəm".
"50 manata görə həyatım məhv olur"
Məhkəmə prosesi zamanı B.Qayıbov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək 50 manat pula görə həyatının məhv olduğunu deyib: "Mənim 28 yaşım var, 50 manata görə həyatım məhv olur".