Dünyanın ən müəmmalı casusu:


Digərləri 16 Dek 2018 17:42:00 286 0

Dünyanın ən müəmmalı casusu:

İlyas Bazna II Dünya Müharibəsi illərində Ankarada yerləşən səfirliklərdən birində sıravi xidmətçi işləyirdi.

Kod adı "Cicero" olan Bazna, müharibənin qədərini dəyişəcək bilgilər əldə etmiş və bu bilgiləri almanlara satmışdı.

Son.az Musavat.com-a istinadən bu müəmmalı türk casusu ilə bağlı maraqlı bilgiləri öz oxucuları ilə paylaşır.

Əldə etdiyi bilgilərə rəğmən həyatda heç zaman şansı gətirməyən İlyas Bazna opera düşkünü idi. "Həyatımı yazsam, roman olardı" deyən Bazna doğrudan da roman kimi bir ömür yaşamışdı.

1904-cü ildə Kosovanın paytaxtı Priştinada dünyaya gələn İlyas Bazna, 1918-ci ildə serblərin paytaxtı işğal etməsi nəticəsində ata-anası ilə İstanbula köçür. Əsgərliyinin çox hissəsini Çankaya Köşkündə, Atatürkün yanında keçirən Bazna tərxis olunduqdan sonra ticarətlə məşğul olur. Lakin o, bu sahədə uğur əldə edə bilmir.

II Dünya Müharibəsi illərində Ankarada ilk olaraq Yuqoslaviya Krallığı səfirinin, daha sonra isə Almaniya səfirinin müşavirinin köməkçiliyini edir.

O, Almaniyanın Türkiyədəki səfirliyində işləyən zaman səfirin məktublarını ələ keçirir və onları oxuyan zaman deşifrə olur. Bu səbəblə işdən atılan Bazna 1943-cü ilin sentyabr ayında Böyük Britaniyanın Ankarada yerləşən səfirliyində, səfir Knatchbull-Hugessenin köməkçiliyini etməyə başlayır.

Gözəl səsi və operaya olan sevgisi səbəbilə qısa zaman ərzində səfir ilə daha da yaxınlaşan Bazna, səfirliyin hamamında həm səfirin belini ovxalayırdı, həm də elçiyə arialar oxuyurdu. Bu yaxınlıq ona olduqca lazım idi.

Britaniya səfiri və xüsusi xidmət orqanlarına görə Bazna səfeh, saf və ingilis dilini bilməyən, sıradan bir xidmətçi idi. Onların bu cür düşünməsi, əlbəttə ki, İlyas Baznanın ürəyindən idi. Əksinə, o, atasının ölümünə görə ingilisləri günahlandırır və pul hərisliyi getdikcə gözlərini bağlayırdı. Nəticədə Bazna ingilislərin məxfi sənədlərini almanlara satmaq fikrinə düşür.

O, beynində qurduğu bu planı həyata keçirmək üçün artıq dəqiq zaman da seçmişdi. Türk casus 26 oktyabr 1943-cü ildə Almaniya xüsusi xidmət orqanlarının önəmli adamlarından olan Lüdvig Moyzischlə əlaqə saxlamağa başlayır. Hər sənəd üşün 20.000 sterlinq verildiyi təqdirdə, cəsusluq edə biləcəyini təklif edən Baznanın məktubuna həmin ilin 29 oktyabrında cavab gəlir.

Bazna artıq Almaniya üçün çalışan bir cəsus idi. O, ilk olaraq hamamda çimərkən belə, kassanın açarını boynunda gəzdirən ingilis səfirdən bu açarı götürməli idi. O, olduqca çətin olan bu işin öhdəsindən özünəməxsus üsulla gələ bilir.

Belə ki, Bazna açarın formasını bal mumuna həkk edir və həmin açarın üzünü çıxarır. Beləliklə səfir hər dəfə duşa girdikdə, o, kassadakı sənədlərin fotolarını çəkərək, Almaniya xüsusi xidmət orqanlarına ötürürdü.

o

Almaniyanın Türkiyədəki səfiri Franz Von Papen və Bazna arasında gerçəkləşən ilk "alış-veriş" görüşməsi səfirliyin binasının həyətində baş tutur. İlk dəfə olmasına baxmayaraq, Papen və Bazna üçün olduqca məhsuldar keçən bu görüşdə, Bazna ona vəd edilən 20.000 sterlinqi alır. Lakin burada ən çox qazanan Almaniya xüsusi xidmət orqanları idi. Çünki İlyas Baznanın əldə etdiyi sənədlərin dəyəri olduqca çox idi.

Türkiyə üzərindən SSRİ-yə göndərilən hərbi yardımlar, Türkiyə torpaqlarında həyata keçirilən ingilis hərbi əməliyyatları və Britaniyanın Türkiyənin onların tərəfindən savaşa qatılması üçün etdiyi bütün təkidlərlə bağlı məlumatlar Almaniya səfirinin əlində idi.

Fəqət, alınan bu bilgilər belə, güvənilməz bir imicə sahib olan Baznaya almanların tam olaraq güvənməsini təmin etmədi.

Fotoda gördüyünüz şəxs faşist Almaniyasının xarici işlər naziri Ribbentropdur.

O, Baznanın ikili oynayan bir ingilis casusu olduğunu düşünürdü. Normandiyada ikinci cəbhənin açılması planı da daxil olmaqla, bir çox önəmli sənədləri almanlara verən Bazna, Hitlerin də güvənini qazanmışdı.

1943-cü ildə konfransların birində Baznanın əldə etdiyi məlumatlar əsasında çıxış edən Hitler, "müttəfiq qüvvələr Qərbdən deyil, Balkan ölkələrindən, ya da Norveç ərazisindən hücuma keçəcəklər" - deyə bildirmişdi.

Belə ki, İlyas Bazna aldığı məxfi bilgilər əsasında Almaniyaya həyəcan dolu məktub göndərir. O, məktubunda 1944-cü ilin yanvar ayında müttəfiq ölkələrin Bolqarıstanın paytaxtı Sofiyanı bombalayacağını yazmışdı.

Lakin onlar bu bilgilərə inanmırlar. Baznaya etimad etməkdə tərəddüd yaşayan almanlar böyük məyusluq keçirirlər. Hərçənd ki, Baznanın bu həyəcan dolu məktubu ciddiyə alınsaydı, almanlar II Dünya Müharibəsində bu qədər itki verməyəcəkdilər.