Bakıda ailə dramı: Əmisi arvadı ilə


Digərləri 16 Dek 2018 14:11:00 236 0

Bakıda ailə dramı: Əmisi arvadı ilə

Əmisi arvadı Marya ilə Rəsulun sevgi macərası düz on il bundan öncə başlayıb. İllər boyu ailə daxilində bu münasibətdən kimsə xəbər tutmayıb. Son iki ildə ailə başçısının həbsxanaya düşməsi cütlük arasındakı sevgi münasibətini daha da alovlandırıb. İş o həddə çatıb ki, Rəsul qadını onun ərinə belə qısqanmağa başlayıb. Doqquz yaşından yanında böyüdüyü əmisinə, onun ocağına xəyanət edən Rəsul sonda sevdiyi qadının - əmisi arvadının da qatilinə çevrilib...

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Bakı şəhər sakinin 35 yaşlı Rəsul Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, hadisə bu il iyulun 17-də səhər saatlarında Pirallahı qəsəbəsində baş verib. Əmisi arvadı Marya Qəhrəmanova ilə mübahisə edən R.Hüseynov onu qətlə yetirib.

Məhəbbət üçbucağı - qaynı oğlu ilə eşq macərası yaşayan qadın

İstintaq materiallarına görə, R.Hüseynovun onunla eyni evdə yaşayan əmisi arvadı ilə yaxın münasibətləri olub və bu yaxınlıq on il gizli şəkildə davam edib. Qaynı oğlu ilə gizli eşq yaşayan qadın Rəsula yaxın günlərdə həbsdə olan əri Elşadın yanına uzunmüddətli görüşə gedəcəyini deyib. Bunu eşidən Rəsula qısqanclıq hissi hakim kəsilib. O, Marya ilə mübahisə edib, otağın pəncərəsini sındırıb. Qadına ərinin yanına getməsinə iradını bildirib.

Əsəblərini cilovlaya bilməyən Rəsul onu öldürmək qərarına gəlib. O, Mariyanın baş nahiyəsinə yumruqla güclü zərbə endirib. Sonra isə qollarından tutaraq onu itələyib. Qadının başı hamamın divarına çırpılıb. Aldığı xəsarətlərdən Marya hadisə yerindəcə dünyasını dəyişib.

Valideyn himayəsindən məhrum olan 9 yaşlı Rəsul əmisi evinə köçür

Təqsirləndirilən şəxs qismində dindirilən Rəsul Hüseynov ona elan olunan ittihamla özünü təqsirli bilməyib. Doqquz yaşından indiyə kimi əmisi Elşadın evində, onun ailə üzvləri, uşaqları ilə birgə yaşadığını, balıqçılıqla məşğul olduğunu deyib. Belə ki, Rəsulun anası ərindən ayrıldıqdan sonra ikinci dəfə ailə qurub. Atası isə vəfat etdiyindən, Rəsul əmisi evində böyüyüb. 22 yaşında ailə qursa da, evliliyi cəmi bir il sürüb.

2010-cu ildə adam bıçaqladığına görə həbs olunan R.Hüseynova 6 il cəza verilib. Cəzasını başa vuran Rəsul 2016-cı ildə yenidən əmisinin evində yaşamağa davam edib.

Rəsul azadlığıa çıxdıqdan sonra isə əmisi Elşad cinayət törətdiyinə görə həbs olunub: "Əmim iki ildir ki, həbsdədir. Əvvəllər spirtli içki içəndə sərxoş vəziyyətdə ailə üzvlərimlə mübahisə edirdim, ev əşyalarını sındırırdım. Hadisədən 5 ay əvvəl əmim arvadına və əmim qızına içkini tərgidəcəyimə söz verdim. Son bir neçə gündə yenidən içməyə başlamışdım".

"Əmim arvadı ilə heç vaxt yaxın münasibətim olmayıb"

Hadisə baş verən gün sərxoş olduğunu deyən Rəsul əmisi arvadı ilə də məhz buna görə mübahisə etdiklərini bildirib: "Səhər tezdən dənizə getmək istəyirdim. Sərxoş olduğuma görə Marya mənə iradını bildirdi, məni söydü. Hirslənib əlimlə pəncərəni sındırdım, əlim kəsildi. Qanı yumaq üçün hamama keçdim. Marya isə mənə yerə tökülən şüşələri təmizləyəcəyimi söylədi. Qapıda dayanıb söyüş söyməyə davam etdi. Onu əlimlə kənara itələyib hamamdan çıxmaq istədikdə yerə yıxıldı. Mən heç vaxt onu başından vurmamışam. Maryanın yüksək qan təzyiqi var idi. Ölümünə səbəb də bu olub".