Peyğəmbərlərə edilən müraciətlər Quranla ziddiyyət təşkil etmir


Digərləri 15 Dek 2018 21:50:00 262 0

Peyğəmbərlərə edilən müraciətlər Quranla ziddiyyət təşkil etmir

Allahın göndərdiyi peyğəmbərlər insan olmaqla yanaşı, ilahi vəhyin daşıyıcıları, insanları haqqa tərəf hidayət edən, insanların din və dünya işlərində qarşılarına çıxan və həllində çətinlik çəkdikləri problemlərinin həllində yol göstərən, bir sözlə din və dünya işlərində insanların müraciət etdikləri bir qaynaq, mənbədir.

Bütün peyğəmbərlər kimi Allah Rəsulu (s) da daim bu mövzuda aktiv rola malik olmuşdur. Hər hansı bir məsələ ilə əlaqədar onun sorağına gələnləri geri qaytarmamış, onlara problemlərin həllində ən gözəl yolu göstərmişdir.

Bu qısa girişi ona görə qeyd etdik ki, bəziləri insanları peyğəmbərlərdən uzaq salmaq, onları adi insanlar kimi təqdim etmək naminə din adı ilə yalanlar uydurmaqdadırlar. Bu yalanları uyduranlar iddia edir ki, insanların peyğəmbərlərə olan sevgisi, onlara olan müraciəti, problemlərin həllində onları vasitə seçmələri Quranla ziddiyyət təşkil edir. Quranın zahirini oxuyanlar və daim şübhə və irad axtarışında olan bu qəbil insanlar Qurana diqqət etsələr yanıldıqlarının şahidi olacaqlar. Biz məsələ daha da aydın olsun deyə nümunə göstərməklə mövzunu davam etdirəcəyik:

İlk nümunəni Həzrət Yaqubdan (ə) gətirək. Həzrət Yusifin (ə) qardaşlarının Yusifə (ə) qarşı etdikləri cinayətləri ifşa olduqda etdikləri ilk iş həm ataları həm də peyğəmbər olan Həzrət Yaquba belə bir müraciət edirlər:

قَالُواْ يَا أَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا إِنَّا كُنَّا خَاطِئِينَ

(Yaqubun oğlanları) dedilər: "Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən biz səhv etmişik." ("Yusif" surəsi, 97)

قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَكُمْ رَبِّيَ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

Dedi: "Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanma istəyərəm. Şübhəsiz, O, çox bağışlayan və mehribandır." ("Yusif" surəsi, 97)

Diqqət edin, ayədə Yaqub (ə) peyğəməbərə olunan bir müraciət və Allahın peyğəmbərinin onlara verdiyi müsbət bir cavab var.

Yaqubun (ə) oğlanlarına verdiyi müsbət cavab, əslində müraciətin yanlış olmadığını, bu cür müraciətlərin dinlə, ilahi vəhylə ziddiyyət təşkil etmədiyini ən bariz nümunəsidir. Əgər peyğəmbərlər sıradan bir insan, lazımı məqamlarda insanların sığınacaq yeri olmasaydı onda Yaqubun (ə) günah törətmiş oğlanlarının müraciətinə Allahın peyğəmbəri tərəfindən əsla müsbət cavab verilməzdi. Burada əsas məsələ, əslində müraciətin özü yox, onlara verilən cavabdır. Çünki, bəzən yanlış bir mövzu barədə də peyğəmbərlərdən nəsə istənilə bilər və tarixi faktlar göstərir ki, bu kimi müraciətlət olunub da.

Yaqubun (ə) sözünə diqqət edək: "Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanma istəyərəm."  ("Yusif" surəsi, 97)

Burada sual yarana bilər ki, əgər insanların peyğəmbərlərə üz gətirməsi, onlardan kömək, problemlərinin həllini istədikdə peyğəmbərlərin onlara müsbət cavab verməsi günah ya yanlış bir iş olsaydı, bir peyğəmbər əsla bu cür işi həyata keçirtməzdi. Daha da maraqlısı budur ki, əgər bu iş yanlı olsaydı Allah bu işi sonuncu səmavi kitabında qeyd etməklə insanları bu işə təşviq etməzdi.

Başqa bir maraqlı məqam da budur ki, Yaqubun (ə) oğlanları günah iş törətdiklərinə görə Yaquba (ə) müraciət etmişdilər.

(Yaqubun oğlanları) dedilər: "Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən biz səhv etmişik." ("Yusif" surəsi, 97)

Bu ayə bizə öyrədir ki, hətta etdiyimiz səhv və günah işimizə görə də peyğəmbərlərə müraciət edə bilərik və edilən müraciət Quranla heç bir ziddiyyət təşkil etmir, əksinə Quran özü bu işi təsdiq edir və bütün bəşəriyyəti bu gözəl işə təşviq edir.

"Bir problemlə qarşılaşdığınız zaman yalnız Allaha və Qurana müraciət edin" deyib dolayı yolla peyğəmbərlərə edilən müraciəti yersiz hesab edənlər görəsən bu ayələrlə rastlaşmayıblar?

Nəinki, sadə bir problem hətta günahın bağışlanması üçün də müraciətin oluna biləcəyini bu ayələrin işığında öyrənmiş olduq.

Əlbəttə burada diqqət olunacaq bir məsələ də var və o bundan ibarətdir ki, Yaqub (ə) da nəticə etibari ilə oğlanları üçün Allahdan bağışlanma diləyir və oğlanlarının müraciətində də bu öz əksini tapır:

(Yaqubun oğlanları) dedilər: "Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən biz səhv etmişik." ("Yusif" surəsi, 97)

Yaqubun (ə) da cavabı belədir:

Dedi: "Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanma istəyərəm. Şübhəsiz, O, çox bağışlayan və mehribandır." ("Yusif" surəsi, 97)