Ər axtaran xanımların


Digərləri 15 Dek 2018 21:05:00 356 0

Ər axtaran xanımların

Son zamanlar qızların "müasirlik" adı altında mentalitetə, ümumiyyətlə, etik qaydalara uyğun gəlməyən davranışları cəmiyyətimizdə qıcıqla qarşılanır. İnternet şəbəkəsində qızların "ər axtarıram" tipli mesajlarının yayılması, xüsusilə də yaşlı nəslin nümayəndələri tərəfindən rüsvayedici bir hal kimi qəbul olunur.

Son.az gencaile.az-a istinadən bildirir ki, psixoloq Raminə Həsənova bildirir ki, qızların "ər axtarıram" tipli mesajları yazıb paylaşması ailə tərbiyəsinin göstəricisidir: "Qız ailədə düzgün tərbiyə görübsə, etik, mədəni qaydaları bilirsə, "ər axtarıram" ifadəsini dilinə gətirməz. Bu, onun nəticəsidir ki, zaman irəlilədikcə, guya "avropalaşırıq" fikriylə valideynlər qız uşaqlarına istədiklərini etməyə icazə verməyə, onları çox sərbəst böyütməyə başladılar. Qızların dəblə ayaqlaşmaq istədikləri hər davranışını alqışlayır, "afərin" deyirlər. Məktəb illərindən qızların gödək, göbəyiaçıq geyinməyinə, üzünə, saçına bəzək vurmağına göz yumurlar. Qız da bir sərhədin, "olmaz"ların olmadığını görüb daha irəli gedir. Uşaq vaxtı qızın sərbəst hərəkətləri, özünü böyüklər kimi bəzəməsi şıltaq hərəkət kimi qəbul olunsa da, yaş getdikcə bu, qızların mədəniyyətsiz, əxlaqdan kənar davranış sərgiləməsi, daha ciddi mənfi xüsusiyyətlər, hərəkətlər etməsinə gətirib çıxarır. Valideyn uşaqlıqda qız övladının şıltaq, ərköyün hərəkətlərindən zövq alır və onu nəzarətdə saxladığını anlayırdısa, qızın yaşı artdıqca onu idarə etmək, davranışı dəyişmək, nəzarətdə saxlamaq çətinləşir. Qız pis dost-tanışın əhatəsinə, təsiri altına düşərsə, bunu etmək daha ağırdır, bəzən mümkün olmur. Valideynin qızlarının etdikləri bəzi şeylərdən xəbərləri olmur. Nəticədə qızlar etik normalardan kənara çıxan davranışlar etməyə başlayırlar. O həddə çatırlar ki, "ər axtarıram", "tanış olmaq istəyirəm", "yalnızam, sevgiyə ehtiyacım var" kimi mesajların icitmailəşməsi onlar üçün əhəmiyyətli və utancverici bir hadisə olmur".

Həsənova qeyd edir ki, sosial şəbəkələrdə qeyri-etik davranışlar çoxluq təşkil etdiyindən bu cür şərhlərə, fotolara daha çox baxış olduğundan qızlar reytinq qazanmaq, özünə izləyici yığmaq, izləyicilərin, "like" qoyanların sayını artırmaq üçün etik olmayan davranışları sosial şəbəkədə sərgiləyirlər. Onun dediyinə görə, qızların tez ərə getməyə can atması, bunu özlərinin belə təklif etməsi həm də ata evində xoşbəxt olmayan həyatdan çıxmaq istəklərilə də bağlıdır: "Olur ki, qızlarımız kiçik yaşlarından ailə qururlar. Əsasən də rayon yerlərində belə hadisələr çox olur. Qız çox yaxşı yerə düşür, firavan yaşayır. Ətrafdakılardan kimlərəsə bu haqda danışır və o, digər qızlar üçün bir nümunəyə çevrilir. Baxırlar ki, tez ərə gedən qızlar əri ilə əylənirlər, gəzirlər, müasirdirlər, istədiyi yerə gedirlər, gec saatda gəlirlər və "mən də ərə getsəm, məndə də belə olacaq" fikri ilə nə olur-olsun onlar da ərə getmək istəyir. Bəzən gözəl həyat arzusuna o qədər qapanırlar ki, gözləri gerçəkliyi görmür. Nəzərə almırlar ki, hər ailənin yaşam düzəni, qaydaları, ailə mədəniyyəti, etikası eyni olmur. Qızlar yanılırlar, kiməsə baxıb tez, gözüyumlu ailə qururlar ki, sərbəst yaşasınlar, öz ata evindəki nəzarətdən, sıxıntılardan qurtulsunlar. Bunu onlar öz ailələrində görmədikləri və tez ərə gedən qızın həyatında gördükləri üçün, eləcə də əks cinsin ona verdiyi şirin vədlərdən dolayı tez ailə həyatı qurmağa çalışırlar. Elə olur ki, qızları ata evində həddindən çox sıxırlar, ya da ailədə problemlər var, konfliktli ailədir, natamam ailədir, yaşam şəraiti dözülməzdirsə, qızlar nə edəcəklərini bilmir və başını götürüb qaçmaq istəyir. Ərə getmək onlara yeganə çıxış yolu kimi görünür. Çünki özü gəlir əldə edə bilmir, gedəcəyi evi yoxdur, müstəqil yaşaya bilmir. Elə də olur ki, qızlar nəsə bir səhv hərəkətlərini ört-basdır etmək üçün ərə getməyə tələsir. Sevginin yanlış qiymətləndirilməsi üzündən də belə hallar olur. Yəni qarşıdakı insanı sevir və ərə getdikdən sonra münasibətlərinin, həyatlarının daha yaxşı olacağına əminlik hiss edir. Gənclər bunu bilməlidirlər ki, evliliklə sevgili olmaq eyni şey deyil. Fərqlidir, hər ikisinin öz məsuliyyəti var, bunu anlamaq lazımdır. Amma indiki gənclər bunu anlaya bilmirlər".