“Namus cinayətləri” addımaddım cəmiyyətin içərilərinə nüfuz edir,


Digərləri 15 Dek 2018 20:35:00 267 0

“Namus cinayətləri” addımaddım cəmiyyətin içərilərinə nüfuz edir,

Azərbaycanda ailədaxili münaqişələr, məişət zorakılıqları artıq pik həddə çatıb. Qısqanclıq zəminində törədilən qətllər, bıçaqlanmalar saya-hesaba gəlmir. Hər keçən gün artmaqdadır. Ölkədə hər gün onlarla "namus cinayətləri" baş verir. Qardaş bacını, oğul anasını, ər arvadını öldürür. Hamısı da eyni motivdə: Xəyanət. Daha doğrusu, cəmiyyət heç bir əsas olmadan namus ifadəsini daha çox qadınlarla bağlayır və bir qayda olaraq qadınlar əleyhinə törədilmiş cinayətlərə bəraət qazandırmaq üçün ondan vasitə kimi istifadə olunur.

Son.az gencaile.az-a istinadən bildirir ki, baş vermiş cinayətlərin bu cür təqdim olunması isə təbii ki, cinayətkarların özünü müdafiəsindən başqa bir şey deyil. Hətta bəzi hallarda hakimlər də bu vəziyyətdən istifadə edərək belə qatillərə daha yüngül cəzanın təyin olunmasına cəhd edirlər. Qeyd edək ki, iki gün öncə daha bir qadın "namus cinayətləri"nin qurbanı olub. Bakı şəhər Nərimanov rayon sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlham Elləz oğlu qısqanclıq zəminində yaşadığı evdə arvadı, 1979-cu il təvəllüdlü Süleymanova Məhəbbət Nəriman qızının boğaz və bədəninin digər nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək onu öldürüb.

Cinayəti törədən şəxsin anası Sona Süleymanovanın sözlərinə görə, qətl namus üstündə olub: "Başını kəsib, sonra isə polisə könüllü olaraq təslim olub. Bir də gördüm ki, 4-5 polis gəlib. Uşaqların heç biri də evdə deyildi. Oğlum 18 il idi dözürdü".

Təbii ki, belə olan halda isə iki sual yaranır. Doğrudan da, məişət cinayətlərinin səbəbi qadının xəyanətidirsə, qadınları xəyanətə vadar edən nədir? Yaxud da, qadının xəyanətkar olması onun vəhşicəsinə öldürülməsinə rəvac verirmi?

... həyat yoldaşın namussuzluq edəndə, sən hara baxırdın?

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, bir çox hallarda qadınlar əsassız yerə "namus cinayətlərinə" qurban gedirlər: "Artıq media ailə-məişət cinayətlərindən xəbər hazırlayan zaman qonşuların da fikrini öyrənməlidir. Nə qədər böhtan atmaq olar? Konkret olaraq, hadisə ilə bağlı məlumatlı deyiləm və orda nə baş verib, bilmirəm. Amma ölkəmizdə "namus cinayətləri"nin sayı həddindən artıq çoxalmağa başlayıb və bu da bizi narahat etməyə bilməz".

İstənilən halda adam öldürməyin yolverilməz olduğunu deyən ekspertin sözlərinə görə, ərinə xəyanət edən qadına başqa cəzalar vermək olar. Əgər hansısa qadın əxlaqsız əməllərlə məşğul olursa, onu boşamaq və uşağını əlindən almaq lazımdır.

Birlik sədri onu da deyib ki, bir çox hallarda kişilər öz cinayət əməllərini ört-basdır etmək üçün "namus cinayəti" adlandırırlar: "Hesab edirəm ki, bu cür cinayətlərin işıqlandırılması zamanı jurnalistlər hadisəni ətraflı araşdırmalı və bütün stereotipləri dağıtmaq üçün hadisə yerinə gedib, yaxın qonşularla, qohumlarla söhbət edib, sübutlar toplamalı, yaxud da hüquq-mühafizə orqanları ilə birgə addımlamalıdırlar. Əks halda, qadınlara qarşı münasibət daha da pisləşəcək. Bu gün vəziyyət o yerə çatıb ki, hər yerindən duran həyat yoldaşını qətlə yetirir və bunu "namus" üstündə törətdiyini bəyan edir. Adamdan soruşarlar ki, həyat yoldaşın namussuzluq edəndə sən hara baxırdın? Vaxtlı-vaxtında ailəsi ilə maraqlanan kişilərin arvadları heç vaxt əyri yollara düşmürlər. Hər şeyin bir səbəbi var".

Evli qadınları xəyanətə vadar edən səbəblərdən danışan ekspertin sözlərinə görə, bu cür situasiyalarda kişilər də ən azı xəyanətkar qadın qədər günahkardırlar: "Qadınların niyə xəyanət etdiyinə dair konkret bilgim yoxdur. Sadəcə onu bilirəm ki, əksər zamanlarda qadınları bu yola kişilərin biganəliyi vadar edir. Adətən evliliyin müəyyən mərhələsindən sonra kişilər öz həyat yoldaşlarına qarşı diqqətsiz olur. Öz kefində, gəzməyində olur. Ailəsi ilə maraqlanmır, xanımına lazımi qədər qayğı, nəvaziş göstərmir. Öz həyat yoldaşına bircə kəlmə xoş söz deməyə qıymır. Sevgidən, diqqətdən məhrum qalan qadın da bunu başqa kişilərdə axtarmağa başlayır. Bəzi xanımlar hər cür diqqətsizliyə baxmayaraq xəyanəti özlərinə yaraşdırmır. İradəsi zəif olan qadınlar isə ilk sevgi etirafında özlərini xəyanətin ortasında tapırlar. Müasir dövrdə isə qadının xəyanəti kifayət qədər əlçatandır. Özünü tənha, sevgisiz hiss edən qadına "facebook"da bircə status yazmaq kifayətdir ki, ona yüzlərlə xoş sözlər, sevgi etirafları ünvanlansın. Ola bilər ki, hansısa qadın sırf pula görə ərinə xəyanət etsin. Belə şeyləri qəbul etmədiyim üçün səbəbləri ilə də maraqlanmamışam. Amma istənilən halda bunun psixoloji durum olduğunu düşünürəm. Sadəcə deməyim odur ki, arvadı xəyanət edən heç bir kişi yaxasını kənara çəkib, özünü məsum göstərməsin. Bir kişinin arvadı ona xəyanət edirsə, həmin kişi problemi ilk növbədə özündə axtarmalıdır. Günü xoş keçən, əri tərəfindən sevilən heç bir qadın xəyanətə əl atmaz. Kişi arvadı ilə elə münasibət qurmalıdır ki, qadın hər addımını əri ilə məsləhətləşsin. Yoxsa ki, sən ailənlə, həyat yoldaşının tələbləri ilə maraqlanma, iş-işdən keçəndən sonra da onun başını kəsib, adını da namus məsələsi qoy! Xanımınla elə davran ki, onu izləməyə, otağa kamera quraşdırmağa ehtiyac qalmasın. O yerindən qalxmazdan əvvəl də artıq gedəcəyi yeri bil!".

İlahiyyatçı deyir ki, xəyanətə ölüm cəzası düşür