Lukaşenko ermənilərə “Polonez” təklif etdi Bəs nə cavab aldı FOTO


Dünya 15 Dek 2018 18:19:00 224 0

Lukaşenko ermənilərə “Polonez” təklif etdi  Bəs nə cavab aldı  FOTO

Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün Minskdə rusiyalı jurnalistlərin çoxsaylı qrupu ilə görüşündə daha bir sensasion məlumat açıqlayıb. Lukaşenko bildirib ki, Belarus "Polonez" raket sistemlərini əslində Ermənistana da təklif edib. Amma ermənilər bu sistemləri almağa maraq göstərməyib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Belarus prezidenti bu məsələ barədə Ermənistanın "Polonez" sistemlərinin Azərbaycana satışına görə Minski ittiham etməsinə toxunarkən bəhs edib.

"Bəli, azərbaycanlılar mənə yad deyil, amma biz sizinlər (ermənilərlə) həmişə bir yerdə olmuşuq və bizə Azərbaycana silah satdığımız üçün irad bildirmək lazım deyil. Və nəyə görə tənqid edirlər, raket kompleksinə görə... Ona görə də budur, gərək siz biləsiniz: "Polonez" raket komplekslərini alanda və silahlanmaya daxil edəndə sınaqlara erməniləri də çağırdıq, azərbaycanlıları da, rusları da", - Lukaşenko Rusiya mediasının nümayəndələrinə bildirib.

Belarus prezidenti deyib ki, sınaqlar zamanı Azərbaycan tərəfi həmin silahın yüksək dəqiqliyə malik olduğuna əmin oldular və onu Bakıya satmağı xahiş etdilər.

"Biz isə krediti qaytarmalıydıq, çinlilər bunu bizə kreditə vermişdilər... Mən onda dedim (Azərbaycana-red.): "Yaxşı, mən kompleksi sizə satıram" və ermənilərə də dedim (bilirdim ki, problem olacaq): "Mən sizə də analoji kompleksi satmağa hazıram". Ermənilər imtina etdilər, ona istinad etdilər ki, onlarda artıq Rusiyadan alınan "İsgəndər" kompleksləri var", - Lukaşenko deyib.

Qeyd edək ki, Azərbaycan bu ilin yazında Belarusdan azı 10 "Polonez" reaktiv-yaylım atəşi sistemləri alıb. Bu komplekslərin hədəfi vurma məsafəsi raketlərin tipindən asılı olaraq 250-300 kilometr təşkil edir. Aydın məsələdir ki, Lukaşenko həmin sistemləri Ermənistana təklif edəndə hansı cavabı alacağını bilirdi. Çünki güzəştli kredit hesabına və ya havayı verilən Rusiya silahlarından fərqli olaraq Belarusun Çinlə birlikdə istehsal etdiyi "Polonez" komplekslərini almaq üçün pul lazımdır. Ermənistanda isə belə pul yoxdur. Amma əvəzində Belarusu müttəfiqlik öhdəiklərinə sadiq qalmamaqda günahlandırmaq və Azərbaycanın tərəfini tutmaq barədə hay-küy qaldırmaqla vəziyyətdən çıxmaq olar...