Dram Teatrında Milli Qəhrəman Koroğlu Rəhimova həsr olunan tamaşa oynanılıb (FOTO)


Digərləri 15 Dek 2018 16:57:00 242 0

Dram Teatrında Milli Qəhrəman Koroğlu Rəhimova həsr olunan tamaşa oynanılıb (FOTO)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Milli Qəhrəman Koroğlu Rəhimovun 65 illiyi münasibətilə “Xəcalət” tamaşası nümayiş olunub.

Bakı. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Milli Qəhrəman Koroğlu Rəhimovun 65 illiyi münasibətilə “Xəcalət” tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səhnə əsəri Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının dəstəyi ilə təqdim edilib. Tamaşanın nümayişindən əvvəl Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov Milli Qəhrəmanımızın keçdiyi döyüş yolundan danışıb. Bildirib ki, Koroğlu Rəhimov Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il martın 17-də Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılıb. 1992-ci il aprelin 30-da N saylı hərbi hissədə 2-ci motoatıcı bölüyə hərbi komandir təyin olunub. O, 1992-ci il iyunun 13-də Goranboy rayonunun Buzluq, Çartaz, Erkəç kəndlərini yaraqlılardan azad edib. Həmin il iyulun 3-də tabeliyində olan bölük Koroğlu Rəhimovun əmri ilə Ağdərə istiqamətində hücuma keçib. Bu istiqamətdə gedən qanlı döyüşlərdə K.Rəhimov şəhid olub. Sonra tamaşa nümayiş olunub. Yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən “Xəcalət” tamaşasının quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı Xalq artisti Səyavuş Kərimidir.