"Elə bildim ki, kimsə yenə dava salıb"


Digərləri 15 Dek 2018 14:15:00 235 0

"Elə bildim ki, kimsə yenə dava salıb"

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Famil Laçınov dindirilib.

O bildirib ki, narkotik asılılığından xilas olmaq üçün elə yanğın baş verən gün Mərkəzə müalicə olunmağa gəlib: "Mərkəzə qardaşım apardı. Günorta ora çatdıq, axşam isə yanğın oldu. Həmin vaxt yatmışdım. Daha sonra səs-küyə oyanıb çölə qaçdım. Mən 5-ci palatada qalırdım. Dəhlizə qaçan zaman eşitdim ki, yanğın 14-cü palatada baş verib.

F.Laçınov ifadəsində qeyd edib ki, daha əvvəl də müəyyən fasilələrlə mərkəzdə müalicə alıb və buna görə də təqsirləndirilən şəxslərin hər birini tanıyır.

Daha sonra digər zərərçəkmiş Yaşar Tağıyev dindirilib. O da narkotik istifadəçisi olduğu üçün Mərkəzə məcburi müalicəyə göndərildiyini söyləyib.

Zərərçəkmişin sözlərinə görə, Mərkəzdə yanğın hadisəsi baş verən zaman 16-cı palatada olub: "Palatada heç kimlə münasibətim yox idi. Münasibət saxlamağı da sevmirəm. Həmin gün öz yerimdə uzanmışdım. Birdən səs gəldi. Elə bildim ki, kimsə yenə dava salıb. Fikir vermədim və yenidən yatağıma uzandım. Sonra "su gətirin" deyə qışqırdılar. Bu dəfə fikirləşdim ki, kiminsə ürəyi gedib və yəqin su istəyirlər. Artıq səs-küy çoxaldı, yanğın baş verdiyini söylədilər. Mən də tez dəhlizə çıxdım, hər yer tüstü içərisində idi. Sonra çölə qaçdım".

Bu zaman təqsirləndirilən M.Məmmədov vurğulayıb ki, yanğın zamanı ilk həyətə çıxan 5 nəfərdən biri olub. O, hadisə zamanı oradan qaçmadığını bildirib.