PR üzrə azərbaycanlı mütəxəssis beynəlxalq müsabiqədə münsif oldu


Digərləri 15 Dek 2018 10:35:00 229 0

PR üzrə azərbaycanlı mütəxəssis beynəlxalq müsabiqədə münsif oldu

İctimaiyyətlə əlaqələr (PR) üzrə azərbaycanlı mütəxəssis İlham Məmmədov (Məmmədzadə) Rusiyanın paytaxtı Moskvada keçirilən Beynəlxalq İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (İPRA) "Eventiada IPRA Golden World Awards 2018" müsabiqəsində münsiflər heyətində yer alıb. Bu barədə müsabiqənin rəsmi internet səhifəsində - https://www.ldfforum.com/en/ məlumat verilib.

Münsiflər heyətinin tərkibində iştirak etmiş İlham Məmmədzadənin sözlərinə görə, Moskvada keçirilən beynəlxalq müsabiqəyə 01.09.2017-01.10.2018 tarixləri aralığında icra edilən layihələr təqdim edilib. Müsabiqənin predmetləri gənclər, şirkətlər, agentliklər, yerli və regional icra orqanları, peşəkar assosiasiyalar, universitetlər və digər tədris və ixtisaslaşmış müəssisələr tərəfindən reallaşdırılmış kommunikasiya layihələri təşkil edib.

PR üzrə mütəxəssis bildirib ki, müsabiqəyə təqdim edilən layihələrə qarşı bir sıra tələblər irəli sürülüb. Belə ki, bu layihələr özündə etik qaydalara cavab verməli, spirtli içkilər, tütün məmulatları, zorakılıq, milli və digər ayrıseçkiliklər daşımamalıdılar: "Müsabiqəyə dünyanın 20-ə yaxın ölkəsindən 10 nominasiya üzrə yüzdən artıq layihə təqdim edilmişdi. Bunlar "Korporativ kommunikasiyalar", "Rəqəmsal və SMM Layihələr", "Sosial layihələr", "İlin ən yaxşı tədbiri", "İctimai layihələr", "Ümumi layihələr", "Marketinq kommunikasiyaları", "Ən yaxşı könüllü layihəsi", "Ən yaxşı mədəni layihə" və "İdman kommunikasiyası sahəsində ən yaxşı layihə" nominasiyaları olub".