Xəstəni ziyarət etməyin ədəb qaydaları


Digərləri 15 Dek 2018 07:31:00 248 0

Xəstəni ziyarət etməyin ədəb qaydaları

İslam dini xəstə ziyarətini xeyir əməllərdən hesab edir. Həzrət Peyğəmbər (s) buyurur: "Hər bir müsəlmanın başqa müsəlman üzərində olan haqqı budur ki, nə zaman onunla görüşsə, ona salam versin. Nə zaman xəstələnsə, onu ziyarət etsin və nə zaman dünyadan getsə, cənazə mərasimində iştirak etsin".

Əziz Peyğəmbərimiz (s) sübh namazı bitəndən sonra insanlara yaxınlaşar və soruşardı ki, sizlərdən kimsə xəstə deyil ki, onu ziyarət edək. Çünki bu əməl - Həzrətin (s) gündəlik proqramına daxil olan əməllərdən idi.

Son.az islam.az-a istinadən bildirir ki, İmam Əli (ə) beş yerə ayaqyalın gedərdi: Fitr namazına gedən zaman, Qurban bayramının namazına gedən zaman, cümə namazına gedən zaman, xəstə ziyarətinə gedən zaman, cənazə mərasiminə gedən zaman. Buyurardı ki, bunlar - İlahi yollardır. Mən istəyirəm ki, bu İlahi yolları ayaqyalın Allaha tərəf gedəm.

İmam Əli (ə) buyurur: "Xeyir işlərdən ən yaxşısı - xəstə ziyarətidir".

Bir çoxlarımız ancaq namazı, orucu, zikr deməyi, Quran oxumağı xeyir işlərdən hesab edirik. Ancaq bəzi əməllər də vardır ki, xeyir dərəcəsində heç də o biri ibadətlərdən geri qalmırlar. Bunlardan biri də xəstə ziyarətidir.

Həzrət Musa (ə) Allah Təaladan soruşur ki, hansı bəndə Sənin yanında daha sevimlidir? Xitab gəlir ki, üç dəstə: o kəslər ki, xəstə ziyarətinə gedirlər, o kəslər ki, müsibət görənə başsağlığı verirlər, o kəslər ki, cənazə mərasiminə gedirlər.

Allah Təala Qiyamət günü buyuracaqdır: "Ey Adəm övladı! Mən xəstə oldum, ancaq Məni ziyarət etmədin?". Deyər: "Allahım, Səni necə ziyarət edim ki, Sən aləmlərin Pərvərdigarısan?". Buyurar: "Məgər bilmirdin ki, filan bəndəm xəstə idi və ziyarət etmədin. Məgər bilmirdin ki, əgər ziyarətinə getsəydin, Məni onun yanında tapardın?".

Xəstə ziyarətinin ədəbində oxuyuruq ki, Həzrət Peyğəmbər (s) üç gün səbir edərdi və əgər səhabəsini görməsəydi, onun haqqında soruşardı. Əgər həmin insan səfərdə olsaydı, Həzrət (s) onun üçün dua edərdi. Əgər xəstə olsaydı, onu ziyarət edərdi. Ona görə də deyə bilərik ki, bir xəstə üç gündən sonra ziyarət edilməlidir. Üç gündən əvvəl ola bilsin ki, sadə bir soyuqdəyməsi olsun və ayağa qalxsın.