Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans və sərgi keçirilib (FOTO)


Digərləri 15 Dek 2018 01:49:12 319 0

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans və sərgi keçirilib (FOTO)

Heydər Əliyev Fondunun və ölkəmizin Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Şərqin birinci dünyəvi parlamentli respublikası: dəyərlər və irs” adlı elmi konfrans, sərgi və rəsmi qəbul keçirilib

Bakı. Heydər Əliyev Fondunun və ölkəmizin Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Şərqin birinci dünyəvi parlamentli respublikası: dəyərlər və irs” adlı elmi konfrans, sərgi və rəsmi qəbul keçirilib. Trend-in məlumatına görə, tədbir iştirakçıları - Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, səfir Dursun Həsənov və digər rəsmi şəxslər əvvəlcə Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət ediblər. Sonra nümayəndə heyəti Tbilisidəki Botanika bağında olub, buradakı köhnə müsəlman qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarlarını ziyarət ediblər. Konfransda çıxış edən səfir Dursun Həsənov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda müxtəlif sahələri əhatə edən fəaliyyəti barədə məlumat verib. O, Heydər Əliyev Fondunun Gürcüstan ilə mədəni əlaqələrin inkişaf etdirilməsinə önəm verdiyini, bu ölkədə bir sıra elm və mədəniyyət tədbirləri həyata keçirdiyini vurğulayıb. Diplomat bildirib ki, Azərbaycan 100 il bundan əvvəl məhz Tbilisidə Şərqdə ilk demokratik respublika elan edib. Bugünkü respublikamız Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ölkəmizin tərəfdar çıxdığı demokratiya, dünyəvilik, dini və mədəni müxtəliflik kimi dəyərlər bizə Xalq Cümhuriyyətindən miras qalıb. Səfir vurğulayıb ki, vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının Azərbaycan xalqının rifahı naminə həyata keçirmək istədiyi, amma sovet işğalının imkan vermədiyi ideyalar bu gün müstəqil respublikamız tərəfindən ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursu sayəsində uğurla reallığa çevrilir. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində bu gün Azərbaycan nəinki Cənubi Qafqazda, dünyada nüfuzlu dövlət kimi öz mövqelərini möhkəmləndirib və inkişaf edir. Gürcüstan ilə birgə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri ölkələrimizin əməkdaşlığının önəmini daha da artırır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan səfir Gürcüstanın münaqişənin ədalətli və beynəlxalq hüquqa söykənən həllini dəstəklədiyini bildirib. Vurğulayıb ki, Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın ərazisi olması faktını işğalçı Ermənistan nəhayət ki qəbul etməlidir. Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Levan Xaratişvili çıxışında Azərbaycanın keçdiyi böyük inkişaf yolunun şahidi olduğunu deyib. O, ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində də uğurla inkişaf etdiyini vurğulayıb. Bu gün gürcü tələbələrin Azərbaycan universitetlərində, azərbaycanlı tələbələrin isə Gürcüstan universitetlərində təhsil aldıqlarını söyləyib. Levan Xaratişvili təmsil etdiyi nazirliyin rəhbərliyi və kollektivi adından Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə xalqımızı təbrik edib. Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) prezidenti, akademik Giorgi Kvesitadze ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə dinamik inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Cənubi Qafqazın iki aparıcı dövləti olan Azərbaycan ilə Gürcüstanın birgə reallaşdırdığı enerji və nəqliyyat layihələri xalqlarımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. O, münasibətlərimizin daha da genişlənməsində və möhkəmlənməsində elm adamlarının üzərinə mühüm vəzifələr düşdüyünü deyib.