Atmosferi çirkləndirən başlıca mənbə
Digərləri 14 Dek 2018 22:29:00 281 0
Atmosferin çirklənməsi nəqliyyat vasitələrinin sayının artması ilə funksional şəkildə əlaqədardır. Bildiyimiz kimi, nəqliyyatın müxtəlif növlərinin fəaliyyəti nəticəsində hər gün atmosferə külli miqdarda zəhərli qazlar atılır, ətraf mühitə yüksək texnogen təsir göstərilir və insanların sağlamlığı üçün ciddi təhlükə yaranır.
Daxili yanma mühərrikləri ilə işləyən avtonəqliyyat vasitələri atmosferi çirkləndirən başlıca mənbə olaraq qalır. Hava hövzəsinin çirklənməsində avtonəqliyyat vasitələrinin payı 90 faizdən yuxarıdır. BMT-nin verdiyi məlumata görə, dünyada 1 milyarddan çox avtomobil var. Bütün bu avtomobillərin işləməsi üçün 900-950 milyon tondan çox yanacaq sərf olunur. Bu qədər yanacağın yanması nəticəsində atmosferə 450-500 milyon ton zərərli birləşmələr və qazlar atılır. Daxili yanma mühərriklərinin yanacaqları əsasən benzin və dizeldir. Bu yanacaqlar öz növbəsində karbohidrogen qarışığından ibarətdir.
Son.az bildirir ki, bu barədə AZƏRTAC-a kimya elmlər namizədi Abuəli Hüseynli məlumat verib.
Mütəxəssis bildirib ki, daxili yanma mühərriklərinin işlənmiş qazları və onların atmosferə verdiyi zərərli maddələr, xüsusilə qurğuşun, civə və kadmium kimi ağır metallar saxlayan bərk hissəciklər torpağa və bitkilərin üzərinə çökür. Müxtəlif yollarla insan orqanizminə daxil olaraq sinir sistemini, onların toxumalarının fermentativ fəaliyyətini pozur, tənəffüs və həzm sistemlərinə mənfi təsir edir. Nəticədə ağciyər, mədə xərçənginə, o cümlədən fiziki qüsurlu uşaqların doğulmasına səbəb olur. Daxili yanma mühərriklərinin zərərsizləşdirilmə üsulları hazırda ekoloji tələbləri ödəmir.