Bərdə və Ağcabədidə DOST mərkəzləri yaradılacaq FOTO


Digərləri 14 Dek 2018 21:32:00 507 0

Bərdə və Ağcabədidə DOST mərkəzləri yaradılacaq  FOTO

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bərdə rayonunda Bərdə, Tərtər, Ağcabədi rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Son.az-a verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Qəbulda ƏƏSMN yanında İctimai Şuranın sədri Umud Mirzəyev də iştirak edib.

Vətəndaşların müraciətlərində əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, məşğulluğun təmin olunması, özünüməşğulluq proqramına, ödənişli ictimai işlərə və peşə hazırlığına cəlb olunma, sosial sığorta münasibətləri, imtiyazlı şəxslərin mənzillə və reabilitasiya vasitələri ilə təminatı və s. məsələlərə aid olub. Sorğu xarakteri müraciətlərə cavab olaraq, hüquqi izahatlar verilib, ayrı-ayrı müraciətlərdə qaldırılan məsələlərin həlli təmin edilib.

S.Babayev vətəndaşlarla görüşündə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar barədə məlumat verib. O, regionlarda yaşayan əhalinin də "DOST" mərkəzləri vasitəsilə dövlət sosial xidmətlərindən sadə prosedurlarla, tam şəffaf, rahat şəkildə istifadə imkanları əldə edəcəyini bildirib. Nazir 2019-2025-ci illər üzrə "DOST" regional proqramı çərçivəsində, həmçinin Bərdə və Ağcabədi rayonlarında da belə mərkəzlərin yaradılacağını deyib. Dövlət başçısının müvafiq Fərmanına əsasən şəhid ailələrinə birdəfəlik ödənişlərin verilməsi prosesinin davam etdirildiyini vurğulayan nazir artıq bu bölgədə də şəhid hərbi qulluqçuların bir qrupunun vərəsələrinin birdəfəlik ödənişlə təmin olunduqlarını qeyd edib.