Nənələrimiz və analarımız niyə bu qədər zorakılığa məruz qalmırdı?


Digərləri 14 Dek 2018 20:49:00 299 0

Nənələrimiz və analarımız niyə bu qədər zorakılığa məruz qalmırdı?

"Gəlin mənim süpürgəmdir, harada qoydum, orda da durmalıdır". Məşhur "Qaynana" filmində işlənən bu cümlə bu gün də Azərbaycan ailələrində keçərlidir. Tək fərq odur ki, bu dəfə bəylər ailədə yalnız onların sözünün keçməsini tələb edir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə ailədaxili münaqişələr, xəyanət, zorakılıq üstündə boşanmalara dair xəbərlərin sayı artmaqdadır. Bütün bu proseslərin səbəbləri müxtəlifdir. Məsələyə iki cəbhədən fərqli münasibət bildirən şəxslər arasında müzakirələr isə bitib-tükənmək bilmir. Kişilər qadınlarda, qadınlar isə əksinə, günahı kişilərdə görür. 

Bəs görəsən, tərəfləri bir-birinə xəyanət etməyə vadar edən səbəblər nələrdir? Pul, rahat həyat? 30 yaşdan sonra tapılan sevgi? Cəmiyyətdə ailə anlayışı nə üçün bu qədər zədələnib?

İlk olaraq problemi yaradan psixoloji nüanslara aydınlıq gətirməyə çalışdıq. Psixoloq Vəfa Əkbərin sözlərinə görə, bu gün ölkədə mental dəyərlər, ictimai qınaq imkan vermir ki, iki insan bir-biri ilə tam səmimi ünsiyyət qura bilsin:

"Bu isə çoxsaylı problemlərin təməlini qoyur, eləcə də, xəyanətin. Əslində, xəyanətə bir çox səbəb sadalamaq olar - məcburi evliliklər, erkən nikahlar, məntiq evliliyi, tərəflərin bir-birini hansısa maraqlara görə seçməsi və s. Amma bütün bunlar səbəb deyil, sadəcə, bəhanədir. Hər bir özünü dərk edən insan birinci növbədə başa düşməlidir ki, xəyanət edən zaman özünü aldadır. Çünki insan şüurlu şəkildə düşünə bilirsə və evliliyində xoşbəxt deyilsə, o zaman sivil qaydada ya boşanmalıdır, ya da evliliyini xilas etmək üçün əlindən gələni etməlidir.

Belə deyək, insan kənarda xoşbəxtlik axtarırsa, bu həmin insanın qərarsızlığına və özünü idarə edə bilməməsinə dəlalət edir. İki insan münasibətlərində soyuqluq hiss edirsə, bu münasibətin xəyanətə və ya daha başqa problemlərə yol açacağını düşünürsə, ailə psixoloquna müraciət edə bilər. Bu məsələnin əsas səbəbləri araşdırılmalıdır".

Psixoloq deyir ki, ölkədə mədəni, sivil yolla boşanma mədəniyyəti formalaşmayıb:

"Ölkədə boşanma baş verirsə, ya qadına əxlaqsız damğası vurulur, ya da kişi narkoman, içki düşkünü "çıxır". Başqa cür olmur. Amma bu, düzgün deyil. İki insan sivil qaydada boşanmalıdır ki, sabah qarşı-qarşıya gələndə bir-birinin üzünə baxa bilsinlər, xəyanət qədər iyrənc vəziyyətə gəlib çıxmasınlar.

Xəyanətə uğrayan insan, təbii ki, "eqosu" tapdanmış biridir. Bu insan heç vaxt ilk növbədə özünü düşünmür. O düşünür ki, cəmiyyət nə deyəcək?  Baxın, bu, əsas problemdir. Cəmiyyətin düşüncəsi. Xüsusən də kişilərə bu düşüncə daha ağır gəlir və bunun qarşılığında onlar fiziki zərbələrə əl atırlar. Yaxşı olmazmı ki, həmin an, sadəcə, danışıb bunun səbəblərini aydınlaşdırsınlar?

Xəyanətə uğrayan şəxsdə yox, xəyanət edən şəxsdə problem olur. Ona görə xəyanətə uğrayan şəxslər bunu özlərinə götürüb psixoloji təzyiq altında qalmamalıdırlar. Axı biz insanıq, danışıb həll olunmayacaq problem yoxdur. Amma təəssüf ki, insanlar həmin situasiyanın təsiri altında sağlam qərar verə bilmir. Bu məsələnin gizli qalmasını istəsələr də, davranışları problemi cəmiyyətə daha çox bəlli edir və hər kəs bu məsələdən xəbərdar olur. Elə son dövrlər sosial şəbəkələrdə müzakirə edilən məsələlər kimi.

Xəyanətə uğrayan qadın və kişi eqosunu təmin etməyə çalışır. İnsanların yazıqlıq manipulyasiyasından istifadə edirlər ki, boşanmaya görə cəmiyyət tərəfindən qınanmasınlar. İnsan bu kimi hallarda sağlam düşünə və doğru qərar qəbul edə bilmədikdə yaxşı olar ki, psixoloqa müraciət etsin ki, qorxunc davranışlara yol verməsin.

Cəmiyyətdə belə bir düşüncə var ki, psixoloqa gedənlər dəli olur. Psixiatriya başqa sahədir, psixologiya başqa. Bunu, sadəcə, başa düşmək lazımdır".

Keçmişdə ailə quran insanlarla gənc nəslin müqayisəsini düzgün hesab etməyən psixoloq qeyd edib ki, o dövrdə qadınların söz hüququ, demək olar ki, yox səviyyəsində idi:

"Qadınlar ailə quran zaman söz haqları, seçim hüquqları, demək olar ki, olmayıb. Amma bu gün qadınlar öz ayaqları üzərində dayanır, öz haqlarını daha yaxşı bilir. Təbii ki, keçmişdə vəziyyət belə deyildi. Qadına qarşı xəyanət, təzyiqlər heç vaxt müzakirə edilmirdi, onların haqları müdafiə edilmirdi, amma buna baxmayaraq, qadınlar "dözürdü". Uşaqlara görə, ailəsinə görə hər hansı bir səbəbdən dözürdülər, çünki eyni düşüncəli atası, qardaşı var idi.