Ombudsman nümayəndələri 16 saylı cəzaçəkmə müəssisəsində olublar


Digərləri 14 Dek 2018 18:39:51 283 0

Ombudsman nümayəndələri 16 saylı cəzaçəkmə müəssisəsində olublar

Milli Preventiv Qrup tərəfindən cəzaçəkmə müəssisələrinə başçəkmələr davam etdirilir

Bakı. İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığı əsasında növbəti başçəkmə Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində həyata keçirilib. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub. MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin tibbi-sanitar hissəsinə, yataqxana korpuslarına, cərimə təcridxanasına, görüş yerlərinə, yeməkxanaya və digər obyektlərə baxışlar keçirilib, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.