Azərbaycan-Rusiya Dövlət Komissiyasının iclası keçirilib


Digərləri 14 Dek 2018 18:11:00 228 0

Azərbaycan-Rusiya Dövlət Komissiyasının iclası keçirilib

Moskvada Azərbaycan Respublikası ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclası keçirilib.

Bakı. Moskvada Azərbaycan Respublikası ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclası keçirilib. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda Dövlət Komissiyasının həmsədrləri – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevin və Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər. Komissiyanın iclasından əvvəl İqtisadiyyat naziri Ş.Mustafayev Rusiyanın iqtisadi inkişaf naziri M.Oreşkin ilə görüşüb. Görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb. Sonra Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclası öz işinə başlayıb. İclasda İqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Ş.Mustafayev qeyd edib ki, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm gətirir. Azərbaycan Respublikasının Prezidentinin bu ilin sentyabrında Rusiyaya səfəri zamanı 16 sənəd imzalanıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu ilin sentyabrında ölkəmizdə səfərdə olub və bu səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Ticarət və qarşılıqlı investisiya qoyuluşlarının Azərbaycan-Rusiya əlaqələrinin mühüm istiqamətlərindən olduğunu qeyd edən nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox, Rusiya isə Azərbaycana 4,2 mlrd. dollardan artıq investisiya qoyub. Azərbaycan Rusiyanın Şimali Qafqaz regionunda əsas investorlardan sayılır. Yessentukidə “İstoçnik” sanatoriya-turizm mərkəzi, Krasnodarda meyvə-tərəvəz konservləri istehsalı zavodu, Jeleznovodskda və Kislovodskda sanatoriya-mehmanxana kompleksinin tikintisi və digər layihələr Rusiyada Azərbaycan şirkətləri tərəfindən reallaşdırılan uğurlu layihələrdəndir. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin reallaşdırılması qarşılıqlı investisiya qoyuluşu sahəsində önəmli layihələrdən sayılır. Azərbaycanda təqribən 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində də iştirak edirlər. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə edilir. Rusiya idxala görə Azərbaycanın əsas tərəfdaşdır, qeyri-neft məhsullarımızın ixracı üzrə isə birinci yerdədir. Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında fəaliyyətə başlayıb. Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində yaradılan Azərbaycan pavilyonu iqtisadi-ticarət əlaqələrinin inkişafına əhəmiyyətli töhfələrdir. İxracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Rusiyaya ixrac missiyaları təşkil edilir, Azərbaycan şirkətləri Rusiyada keçirilmiş önəmli sərgilərdə vahid ölkə stendi ilə təmsil olunur. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədilə Azərbaycan istehsalı olan aksizli malların ixracı üçün Azərbaycan-Rusiya sərhədində xüsusi gömrük postunun yaradılması istiqamətində işlər aparılır. Nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, bu ilin mayında Həştərxanda Heydər Əliyev Fondunun dəstəyi ilə açılmış Azərbaycan İş Mərkəzi iqtisadi əlaqələrin genişlənməsində xüsusi əhəmiyyətə malikdir. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları iş adamları arasında əməkdaşlığın inkişafında önəmli rol oynayır. 2019-cu ildə Azərbaycanın Moskvada 2 şərab evinin açılması nəzərdə tutulur. Növbəti mərhələdə Rusiyanın Yekaterinburq və Sankt-Peterburq şəhərlərində də Azərbaycan Şərab evlərinin açılması nəzərdə tutulur.