Əcnəbilərə qanunsuz ov təşkil edən şirkətlərin lisenziyası ləğv ediləcək


Digərləri 14 Dek 2018 15:48:00 241 0

Əcnəbilərə qanunsuz ov təşkil edən şirkətlərin lisenziyası ləğv ediləcək

"Vətəndaşlar vasitəçi şirkətlər qiymətli quşların icazəsiz ovlanması məsələlərinə daha da məsuliyyətli yanaşmalı və mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən mətbuat konfransında Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, son dövrlər xaricdən ölkəmizə gələn turistlərin ov turizminə maraq göstərmələri, bəzən adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na salınmış şahinkimilər, bəzgək, dovdaq və digər nadir quş növlərinin onlar tərəfindən qeyri-qanuni ovlanması və tutulması ilə nəticələnir:

"Eyni zamanda turistlərin bu marağından istifadə edən brakonyerlər həmin quş növlərini tutaraq cüzi ödənişlər müqabilində onlara satırlar.

Vəhşi heyvanların istifadəsi və ya qanunsuz ovlanması üçün ödəmələrin miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı ilə təsdiq edilmiş "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr"ə əsasən tənzimlənir. Bu normativ sənədə əsasən həmin quşların qeyri-qanuni ovlanması və tutulmasına görə təbiətə dəymiş ziyanın miqdarı bir baş şahin quşu üçün 1100 manat, bir baş bəzgək üçün 330 və dovdaq üçün isə 550 manat müəyyən edilmişdir. Eyni zamanda dövlət təbiət qoruqlarının ərazilərində və milli parkların xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonalarında Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na düşmüş vəhşi heyvan növləri qanunsuz olaraq məhv və ya əldə edilərsə, təbiətə dəymiş ziyana görə ödəmələr hər bir növ üçün vəhşi heyvan növü üzrə təyin olunmuş məbləğ üçqat ölçüdə, yəni şahin quşu üçün 3300 manat, bir baş bəzgək üçün 990 və dovdaq üçün isə 1650 manat məbləğində hesablanır".