Bakı Limanının 45000ci sərnişini:


Digərləri 14 Dek 2018 14:54:00 210 0

Bakı Limanının 45000ci sərnişini:

Bu gün "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti 2018-ci ildə liman xidmətlərindən istifadə edən 45000-ci sərnişini qəbul edib.

Son.az xəbər verir ki, bu münasibətlə Bakı Limanında Türkmənistandan olan şanslı sərnişin Bibipatma Yarjanovanın mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Bakı Limanının və Türkmənistan səfirliyinin nümayəndələri iştirak ediblər.

Bakı-Türkmənbaşı istiqamətində sərnişin daşınma xidmətindən istifadə edən Bibipatma xanım bildirib: "Bu xoş təsadüf məni çox sevindirdi. Artıq 3-cü dəfədir gəmi ilə Türkmənistandan gözəl paytaxtınız Bakıya səfər edirik. Bakı Limanında işin təşkili, bizə olan münasibət çox gözəldir. Göstərdiyiniz diqqət üçün sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm!" Türkmənistanlı sərnişinə mükafat olaraq sertifikat təqdim oluunub. O, həmçinin bundan sonra Bakıya 3 dəfə pulsuz gəliş imkanı əldə edib.

Qeyd edək ki, son iyirmi ildə rekord sayda sərnişin daşınması məhz 2018-ci ildə qeydə alınıb. Ötən illə müqayisədə sərnişindaşınmada 50% artım qeydə alınıb və ilin sonuna qədər bu rəqəmin 47000 nəfəri keçəcəyi gözlənilir. Sərnişin sayının artması ilə əlaqədar həm də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında müasir sərnişin terminalının tikintisi nəzərdə tutulub. Sərnişin terminalı ildə 150 000 sərnişinə xidmət göstərəcəkdir.


Xəbərə aid fotolar